Səbail rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan ənənəvi gül bayramına hazırlıq işləri yekunlaşmaq üzrədir. SİA-nın məlumatına görə, bayramla əlaqədar şəhərin mərkəzindəki "Sahil bağı"nda lazımi abadlıq işləri aparılır, park başdan-başa bəzədilir, tədbirin gözəl və yaddaqalan keçməsi üçün rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülür.
"Sahil bağı" nağıllar və gözəllik aləmini xatırladacaq. Parkdakı fəvvarələr tər güllərlə bəzədilir, gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanan müxtəlif fiqurlar arasında Ümummilli liderimiz Heydər Əliyev və görkəmli alim, akademik Zərifə Əliyeva ilə bağlı kompozisiyalar xüsusi diqqət çəkəcək.
Səbail rayonunun memarı Ramiz Xəlifəli isə bildirib ki, builki tədbirdə ilk dəfə Bakı şəhərinin gerbinin, paytaxtımızın simvoluna çevrilən "Alov Qüllələri" Kompleksi nümayiş olunacaq. Bununla yanaşı, Bakı şəhərinin və Səbail rayonun simvolu olan Qız qalasının, Mömünə Xatun türbəsinin, Bakı-Tbilisi-Ceyhan neft kəməri marşrutunun, Azərbaycanda ilk dəfə Bibiheybət buxtasında mexaniki üsulla qazılmış neft buruğunun güllə işlənən maketləri, bayram iştirakçılarının ixtiyarına veriləcək.
Rayondakı Dövlət İqtisad, Pedaqoji və "Qərb" Universitetlərinin, 18 orta məktəbin, 18 uşaq bağçasının, 2 Uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin nümayiş etdirəcəkləri gül kompozisiyaları və şagirdlərin hazırlayacaqları müxtəlif materiallardan işlənən sənət nümunələri, xüsusilə də Ulu Öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə Əliyevanın muncuqdan hazırlanacaq portretləri iştirakçılarda daha xoş təəssürat yaradacaq.
Müdrik rəhbərin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də məhəbbətlə qarşılanır. Ümummilli lider Heydər Əliyevin təbiət, gözəlliklə bağlı arzuları, ideyaları onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləndirilir.
Qeyd edək ki, gül bayramı mayın 9-da "Sahil bağı"nda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB