Ümummilli liderin yubileyinə səbaillilərin növbəti töhfəsi

Ümummilli liderin yubileyinə səbaillilərin növbəti töhfəsi

Paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda xüsusi sevgi və məhəbbətlə qeyd olunan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayonun idarə və təşkilatlarında, təhsil, səhiyyə, elm və mədəniyyət müəssisələrində keçirilən çoxsaylı tədbirlərdə Ulu öndərin xatirəsi böyük hörmət və məhəbbətlə yad edilir. Bu tədbirlərlə yanaşı əlamətdar gün ərəfəsində sosial yönümlü obyektlərin əsaslı təmiri və yenilərinin istifadəyə verilməsi işləri də aparılıb.

SİA-nın məlumatıan görə, əlamətdar yubileylə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Səbail rayonunda RİH tərəfindən Badamdar qəsəbəsi, Neftçilər küçəsi 2 və 3, Neftçilər döngəsi 5 və 7, Tofiq Məmmədov küçəsi 9 və Nurəddin Paşayev küçəsi 8 ünvanlardakı 7 ədəd binada əsaslı təmir və üzləmə işləri yekunlaşdırılıb və rayonun qəsəbələrində həyata keçirilən "Abad həyət" layihəsi əsasında Neftçilər küçəsi 2 ünvanda növbəti "Abad həyət" sakinlərin istifadəsinə verilib.

Sakinlərlə görüş zamanı Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlər, rayonda və o cümlədən, Badamdar qəsəbəsində aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri barədə məlumat verib.

O, qeyd edib ki, qısa müddət ərzində Badamdarda Heydər Əliyev parkı əsaslı təmir olunub, burada Ulu öndərin əzəmətli büstü ucaldılıb: " Ötən il qəsəbədə 880 şagird yerlik yeni məktəb və 120 yerlik uşaq bağçası istifadəyə verilib. "Abad həyət" layihəsi əsasında qəsəbədə 15 həyət əsaslı təmir olunub, 2 xeyir-şər zalı tikilib, yol kənarlarındakı mağaza və obyektlərin fasadları üzlənnib, hazırda qəsəbə daxili yolların təmiri və asfaltlaşdırılması aparılır".

İcra başçısı bildirib ki, 50 il əvvəl tikilmiş və indiyədək təmir olunmamış 7 binanın fasadı əsaslı təmir olunaraq hər birinə 3500 kv. metrdən çox aqlay üzlük çəkilib, həyət tərəfdə binanın bloklarında yeni plastik pəncərələr və girişlərdə isə yeni dəmir qapılar quraşdırılıb: "Binaların eyvanları təmir olunaraq ilkin vəziyyətə gətirilib, eyvanlar lambirlə üzlənib, taxtadan dekorativ bəzək vurulub. Binadakı mənzillərin pəncərələri müasir plastik pəncərələrlə əvəz olunub, binalarda ümumilikdə 5000 kv. metr sahədə rəngləmə işləri aparılıb".

Asif Əsgərov onu da qeyd edib ki, AFFA-nın köməyi ilə 500 kv. metr sahəsi olan stadiona süni örtük çəkilib: " Həyətin uşaqları da yaddan çıxarılmayıb, onlar üçün əyləncə qurğuları quraşdırılıb. Həyətlərdə yeni ağaclar əkilib, yaşıllıqlar salınıb, məişət tullantılarından təmizlənib, əraziyə bitki örtüklu torpaq qatı salınıb".

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilmiş həyətin sakinləri görülən işlərin keyfiyyətindən çox razı qalıblar, onların istirahəti üçün burada yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Yubileylə əlaqədar Səbail RİH-nin təşkilatçılığı ilə rayonda yaşayan aztəminatlı, imkansız 1000 ailəyə ərzaq bağlamaları verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə