May ayının 7-də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində rayonun ən ucqar dağlıq ərazilərindən biri olan Motlayataq kəndində yeni tikilmiş məktəb binasının açılışı olub. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, yeni məktəb tikintisi sakinlərin çoxdankı arzusu olub. Ona görə də bu tədbir kənd sakinlərinin, müəllim və şagird kollektivinin hədsiz dərəcədə sevindirib. 220 şagird yerlik, ikimərtəbəli yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb.
Tədbiri rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açaraq təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə prezidenti möhtərəm cənab İlham Əliyevə rayonun bütün pedaqoji və şagird kollektivi adından dərin minnətdarlığını bildirib. Motlayataq kənd tam orta məktəbin direktoru Ziyabəddin Nəcəfov, kənd ağsaqqalı Abid Sovqatov, müəllim Ramiz Gənciyev, şəhid qardaşı Rizvan Qurbanov çıxış edərək ucqar bir dağ kəndində hər cür yüksək şəraitə malik məktəb binasının istifadəyə verilməsini, Ulu Öndər siyasətinin layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsi olduğunu vurğulayıblar. Müstəqil dövlətimizin inkişafı naminə ölkə rəhbərinin gördüyü möhtəşəm işləri alqışlayan kənd sakinləri qarşıdan gələn prezident seçkilərində ən layiqli namizəd olan İlham Əliyevə səs verəcəklərini birmənalı şəkildə bildiriblər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək kənd sakinlərini yeni məktəbin açılışı münasibətilə təbrik edib. Bildirib ki, ölkəmiz və xalqımız üçün əlamətdar olan bu günlərdə - Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində bütün ölkə sevinc içindədir. Yüksək dağlıq ərazidə yerləşən Motlayataq kənd sakinləri isə burada müasir arxitekturaya uyğun ikimərtəbəli yeni məktəb binasının istifadəyə verilməsi ilə ikiqat sevinc yaşayırlar. Ulu Öndərin siyasətini uğurla davam etdirən ölkə prezidenti möhtərəm cənab İlham Əliyev də təhsilin inkişafına böyük diqqət göstərir. Elə bu ucqar ərazi nümayəndəliyində yerləşən dörd məktəbin hər biri yenidən tikilir. Asxanakəran kənd tam orta məktəbində tikinti işləri başa çatmaq üzrədir. Amboba və Əzərüd kəndlərində yeni məktəbin tikintisi ilə əlaqədar layihə smeta sənədləri hazırlanıb, yaxın günlərdə inşasına başlanacaqdır. Bütün bunlar yetişməkdə olan gənc nəslin yüksək savad alması, elmi biliklərə yiyələnməsi və öz xalqına, dövlətinə ləyaqətlə xidmət etməsi üçündür.
Açılış lenti kəsildikdən sonra tədbir iştirakçıları yeni məktəblə tanış olublar.
Bundan əlavə, İcra başçısı Q.Ağayev Asxanakəran kənd sakinləri ilə də görüşüb. Əhalini narahat edən məsələləri öyrənib, yeni inşa edilən Asxanakəran kənd tam orta məktəbində tikintinin gedişi ilə maraqlanıb, digər məsələlər barədə sakinlərlə fikir mübadiləsi aparıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB