Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi Nazirlikdə qeyd olunub

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi Nazirlikdə qeyd olunub

Bu gün Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Milli Məclisin sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları və media nümayəndələri iştirak edib. Tədbir iştirakçıları öncə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən nazir Füzuli Ələkbərov Ümummilli Lider Heydər Əliyevin əhalinin sosial müdafiəsi sahəsində göstərmiş olduğu xidmətləri qeyd edib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin sosial siyasətinin təməli Dahi Şəxsiyyət Heydər Əliyevin xalqına olan sevgisindən yaranıb və bu müdrik siyasət əhalinin rifah halının ilbəil yüksəlməsinə səbəb olub: "Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində sosial-iqtisadi sahədə sürətli inkişaf start götürüb. Bu inkişafa Ümummilli Liderin həyata keçirdiyi özəlləşdirmə proqramı, torpaqların kəndlilərə paylanması, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi böyük töhvə olub. Bu da öz növbəsində sosial problemlərin həllinə gətirib çıxarıb".

Tədbir çərçivəsində komitə sədri Hadı Rəcəblinin "Sosial sabitlikdən rifaha" adlı kitabının təqdimatı olub. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə səmərəli dövlət idarəçiliyinin olmaması bütün sahələrdə böhranın dərinləşməsini labüdləşdirməklə iqtisadi sahədə yaranmış çətinliklər, maliyyə çatışmazlığı sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün real addımların atılmasının tamamilə məhdudlaşdığını deyən millət vəkili qeyd edib ki, məhz bu proseslərin fonunda sosial müdafiəni təmin edən proqramlar həyata keçirilməmiş, beləliklə, cəmiyyətdə təbəqələr arasındakı uçurum getdikcə böyümüşdü: "Həmin illərdə sosial sferada köklü dəyişikliklər məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verib. Azərbaycan əhalisinin sosial vəziyyəti xeyli yaxşılaşıb, işsizlik və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub, xalqın rifahına xidmət edən güclü, davamlı inkişaf edən dövlət sistemi yaradılıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi dövründə həm iqtisadiyyatımız dünyada ən yüksək templə inkişaf edib, həm də əhalinin sosial rifahı dəfələrlə güclənib. Bu gün Azərbaycan yoxsulluğun və işsizliyin ən aşağı səviyyədə olduğu ölkəyə çevrilib ki, bu da 1993-cü ildən başlanan və indiyədək davam edən siyasətin nəticəsidir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri, YAP-ın Salatın Əsgərova 85 - ərazi ilk partiya təşkiltının sədi İskəndər Mustafayev çıxış edərəb Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən strategiyası barədə məlumat verib, bu strategiyanın Azərbaycanı böyük perspektivlərə səfərbər etdiyini vurğulayıb.

Daha sonra Nazirlik tərəfindən elan olunmuş "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan əhalisinin sosial müdəfiəsi" mövzusunuda yazı müsabiqəsinin qalibləri olan media nümayəndələri mükafatlandırılıb.

Sonda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sosial sahəyə diqqət və qayğısını əks etdirən film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə