MTN-də Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbirlər keçirilib
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Milli Təhlükəsizlik Nazirliyində (MTN) tədbirlər keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə nazir, general-leytenant Eldar Mahmudov başda olmaqla nazirliyin şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Yubiley mərasimi MTN-in Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov və rəhbər heyət ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.
Eldar Mahmudov Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun adını şərəflə daşıyan bu ali təhsil ocağının müəllim-professor heyətini, dinləyiciləri və kursantları dahi şəxsiyyətin anadan olmasının 90 illik yubileyi münasibətilə təbrik edib.
Sonra kursantlar təntənəli marşla tribunanın önündən addımlayıblar.
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli mərasim MTN-in akt zalında daha geniş tərkibdə davam etdirilib. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Nazir Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təbrik edib. Nazir deyib ki, Heydər Əliyev təhlükəsizlik orqanlarında çalışdığı və respublikaya rəhbərlik etdiyi hər iki dövrdə yalnız milli maraqlara xidmət edib, bütün siyasi fəaliyyəti Azərbaycanın müstəqilliyi və inkişafı naminə olub.
Qeyd olunub ki, sovetlər birliyinin sarsılmaz olduğuna heç kimin şübhə etmədiyi illərdə Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi üçün siyasi, iqtisadi, intellektual zəmin hazırlayırdı Bunu Azərbaycan təhlükəsizlik orqanlarının yaxın tarixi də aydın surətdə göstərir.
Eldar Mahmudov qeyd edib ki, Heydər Əliyev daim təhlükəsizlik orqanlarına hərtərəfli qayğı göstərib, yeni peşəkar nəslin yetişməsinə şərait yaradıb.
Bildirilib ki, Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasəti üzrə ən vacib qərarlarından biri peşəkar zabit kadrlarının yetişdirilməsi idi. 1998-ci il dekabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılıb. Artıq 15 ildir ki, Akademiyada ixtisaslı kadrlar hazırlanır.
Nazir bildirib ki, milli təhlükəsizlik orqanlarının əməkdaşları Azərbaycanın qüdrətlənməsinə bundan sonra da layiqli töhfələrini verəcəklər.
Sonra çıxış edən MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi Ziya Yusifzadə bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyinin banisi və qurucusu Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir: "Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir".
Daha sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, xalq artisti, dövlət mükafatı laureatı, tanınmış kinorejissor Vaqif Mustafayev çıxış ediblər. Tədbirin sonunda Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətinə həsr olunmuş, MTN-in təşəbbüsü və materialları əsasında Vaqif Mustafayevin hazırladığı yeni sənədli film ilk dəfə nümayiş etdirilib.
Heydər Əliyevin 90 illik yubileyi münasibətilə MTN-in Mədəniyyət Mərkəzində konsert təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB