Lənkəranda dahi rəhbərə ümumxalq məhəbbəti

Lənkəranda dahi rəhbərə ümumxalq məhəbbəti

Mayın 7-də Lənkəran şəhərində adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilən, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət rəmzi olan Ümummilli Liderin 90-cı ildönümü böyük təntənə ilə qeyd edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, aprel ayının ikinci yarısından başlanan tədbirlər silsiləsi Ulu Öndərin abidəsinin ümumxalq ziyarəti ilə yekunlaşıb. Heydər Əliyev Xatirə parkında böyük qələbəlik var idi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, pedaqoji kollektivlər, minlərlə lənkəranlı dünya şöhrətli böyük dövlət xadimi, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevə tükənməz ehtiramını bildirmək üçün onun möhtəşəm abidəsi önünə gəliblər.

İcra başçısı Taleh Qaraşov Ulu Öndərin abidəsi önünə əklil qoyandan sonra abidənin ümumxalq ziyarəti başlanıb.

Taleh Qaraşov digər rəsmilərlə birlikdə Heydər Əliyev Xatirə parkında düzənlənən "Gül bayramı"nda iştirak edib. Mərasim zamanı bağça kollektivlərinin güllərdən hazırladıqları rəngarəng dövlət atributları, maraqlı fiqurlar, yubilyarla bağlı şəkillər, pannolar, tablolar nümayiş olunub, uşaqların ifasında şeirlər səslənib, şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin əlamətdar yubileyə həsr etdikləri rəsm əsərləri, Ümummilli liderə həsr olunmuş kitab sərgisi tədbir iştirakçılarının böyük marağına səbəb olub

Ümumxalq ziyarəti musiqinin həzin sədaları altında davam edib

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə