Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Zərdab Rayon Təhsil Şöbəsi bu mövzuda elmi-praktik konfrans keçirdi
Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar paytaxt və bölgələrdə, bütün idarə və müəssisələrdə silsilə tədbirlər keçirilir, Azərbaycanın keçdiyi müstəqillik yoluna nəzər salınır, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri təhlil olunaraq bir daha qeyd olunur ki, Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir, qiymətli xəzinəsidir. Mayın 3-də Zərdab Rayon Təhsil Şöbəsinin "Tarixi şəxsiyyətlər Tanrı yetirməsidir" mövzusunda keçirdiyi elmi-praktiki konfrans da bu tədbirlər silsiləsindəndir.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri doktoru Baba Babayev ulu öndər Heydər Əliyevin aforizmə çevrilən "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" fikrini diqqətə çatdırdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin bu fikrinin reallığa əsaslandığını Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdikdən sonra ilk illərdə yaşadığı duruma nəzər salmaqla təsdiqləmiş olarıq. Xalqımız bir əsrdən də çox müddətdə milli azadlıq, müstəqillik qazanmaq arzusunda olmuşdur. 1991-ci ilin oktyabrın 18-də Müstəqillik Aktının qəbul olunmasına baxmayaraq Azərbaycan xalqı bu sevinci yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Ulu öndər Heydər Əliyev xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993-cü ilin iyun ayında Bakıya gəldi. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. 1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanaraq Prezident seçilən ulu öndər Heydər Əliyev andiçmə mərasimində bildirmişdir ki, belə bir yüksək və məsuliyyətli vəzifəsini öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Bu əminlik də ifadə olunmuşdur ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bu fakt onun təsdiqidir ki, xalqın ulu öndər Heydər Əliyevə inamı böyük idi. Xalq-iqtidar birliyinin möhkəmliyi qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa böyük əsas yaratdı. Bu birliyə stimul verən amil isə hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması idi.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bildirdi ki, dövlət müstəqilliyimizi gözü götürməyən, hakimiyyətə silah gücünə can atan qüvvələr ümummilli lider Heydər Əliyevin Azərbaycanın azad, müstəqil şəraitdə yaşaması üçün göstərdiyi səylərə hər vəchlə mane olurdular. Bununla belə, ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafına, xarici şirkətlərin Azərbaycana cəlb olunmasına, ordu quruculuğuna böyük diqqət yetirirdi. Dünyanın tanınmış şirkətləri ilə neft müqavilələri imzalandı, müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi, prezident, parlament və bələdiyyə seçkiləri keçirildi, hüquqi dövlət quruculuğunu sürətləndirmək üçün qanunlar təsdiq olundu. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunu gücləndirdi, Azərbaycan dünyanın nüfuzlu təşkilatlarına üzv qəbul edildi. Bir sözlə, ümummilli lider düşünülmüş və məqsədyönlü fəaliyyəti ilə müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların sevgisini, ehtiramını qazandı. Ulu öndər Heydər Əliyevin "Biz bütün bu çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq" fikri bir daha Azərbaycanın müstəqillik yolunun asan olmadığını təsdiqləməklə yanaşı, uğurlu siyasətin ölkəni yalnız tərəqqiyə, inkişafa apardığının nümayişidir.
V.Rəhimzadə qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının ulu öndər üçün nə qədər əziz, önəmli olduğunu hələ 1992-ci ilin oktyabrında xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə cavabında da aydın görürük. Dahi şəxsiyyət müraciətə cavabında bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir.
O da qeyd olundu ki, ümummilli liderin müasir Azərbaycanın qurucucu kimi təqdim olunması bu günün reallıqlarına əsaslanır. Müstəqil Azərbaycan dahi şəxsiyyətin şah əsəridir. Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında geniş imkanlar açır. Bu gün ölkəmizin iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması da deyilənlərin təsdiqidir.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirdi ki, ulu öndər Heydər Əliyevin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirir. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyə bəyan edən ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu yeni neft strategiyası, bu strategiyanın təməlində dayanan "Əsrin müqaviləsi" Azərbaycanın bugünkü və gələcək yoluna işıq saçır.
Qeyd olundu ki, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi üçün ulu öndərin göstərdiyi fəaliyyət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoyub. Neft-qaz layihələrinin uğurla icrası, hakimiyyətin bacarıqlı əllərdə olması, ölkəmizin sülhsevər siyasətə sadiqliyi, iqtisadiyyatın inkişafına görə Azərbaycanın dünyada ön mövqeyə çıxması Azərbaycanın bugünkü reallıqlarıdır.
Bildirildi ki, qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin regionların inkişafı istiqamətində göstərdiyi səylər göz qabağındadır. Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin vurğuladı kimi, rayonlar arasında sağlam rəqabət gedir. Bu inkişaf sözsüz ki, ölkə ictimaiyyətinin rəğbətinə səbəb olur.
L.Babayev Zərdab rayonunda görülən işlər barədə ətraflı məlumat verərək bildirdi ki, əldə olunan uğurlar daha səylə çalışmağa stimul verir.
Çıxışlarda bu fikir dəfələrlə qeyd olundu ki, bu gün harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə bir qüdrətli, zəngin, demokratik ölkənin vətəndaşı olmaqdan qürur duyur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürür mənbəyidir. Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Heydər Əliyev ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.
Seymur Tağıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB