“İslahatçı Gənclər” Lənkəranda

“İslahatçı Gənclər” Lənkəranda

Mayın 6-da Heydər Əliyev Mərkəzində "İslahatçı Gənclər" İctimai Birliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 90-cı ildönümü münasibətilə "Heydər Əliyev və Azərbaycanda dövlət gənclər siyasəti" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbridən öncə iştirakçılar Heydər Əliyev Xatirə parkında ucaldılan Ulu öndərin əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

"İslahatçı Gənclər" İctimai Birliyinin və rayonun fəal gənclərinin iştirak etdiyi dəyirmi masanı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli açaraq tədbirin mövzusu ilə bağlı məlumat verib. İcra rəsmisi bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətimizə başçılıq etdiyi dövrlərdə gənclər siyasəti daim diqqətdə saxlanılıb, gənclərin hər cür qayğı ilə əhatə olunması, onların təşkilatlanaraq dövlət idarəçiliyində aparıcı qüvvəyə çevrilmələri prioritet vəzifələrdən biri kimi qarşıya qoyulub. Bu səbəbdən 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb, Ümummilli Liderin təşəbbüsü ilə 1997-ci ildə MDB məkanında ilk dəfə olmaqla "Gənclər günü" təsis edilib. Bütün bunlar isə, Dahi rəhbərin gənclərə olan yüksək diqqət və qayğısından irəli gəlib. Natiq həmçinin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin daha yaxşı təhsil almaları, onların hər cür qayğı ilə əhatə olunmaları üçün müxtəlif dövlət proqramlarının hazırlanaraq icra edildiyini vurğulayıb.

Dəyirmi masada çıxış edən digər iştirakçılar – "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı, birliyin sədr müavini Tural Əliyev, birliyin baş katibi Hacıbəy Heydərli, lənkəranlı fəal gənclərdən Samir Salayev, Gülbəniz Cəfərova, Uğur Qurbanzadə və digərləri Dahi rəhbərin gənclər siyasəti ilə bağlı həyata keçirdiyi təqdirəlayiq işlərdən danışaraq, hamını bu gün ölkəmizə rəhbərlik edən, Ulu Öndərin kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıblar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə