Son 4 ay ərzində onlarla çörəkbişirmə sexində nöqsanlar aşkarlanıb

Son 4 ay ərzində onlarla çörəkbişirmə sexində nöqsanlar aşkarlanıb

Son 4 ay ərzində onlarla çörəkbişirmə sexində nöqsanlar aşkarlanıb. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşma Metrologiya və Patent üzrə Dövlət komitəsi yanında texniki tənzimlənmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin rəisi Əbülfət İmanov deyib.

Onun sözlərinə görə, bu kimi halların qarşısını almaq üçün komissiya yaradılıb və mütəmadi olaraq komissiyanın işi müzakirə edilir: "Mən desəm ki, bütün çörəkbişirmə müəssisələri hamısı nümunəvidir, xeyir nümunəvi deyil. 10 gün bundan əvvəl çörəkbişirmə müəssisələrində çəkiliş aparılmışdı. Antisanitariya şəraitində keyfiyyətsiz məhsullar və çörək istehsal edən sexlər də aşkar olunub".

Xidmət rəisinin sözlərinə görə, bu müəssisələr çörək bişirmək üçün nəzərdə tutulmayan yerlərdə köhnə avadanlıqlarla fəaliyyət göstərir. Lakin texnologiya inkişaf etdikcə, onlar sıradan çıxmaq məcburiyyətində qalacaqlar.

Əbülfət İmanov həmçinin şadlıq saraylarındakı vəziyyəti də şərh edərək bildirib ki, toy gedişi zamanı əməkdaşlar mütəmadi olaraq baxış keçirir, nöqsanları aşkarlayırlar. Bütün şadlıq evlərinə məktublar göndərilib standartın tələbləri onlara izah edilib. Əgər şadlıq sarayları standartlara uyğun işləməsələr, onların fəaliyyəti dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə