Bu gün Azərbaycanda qazanılan bütün uğurlar Heydər Əliyevin adı ilə bağlıdır

Sədaqət Vəliyeva: Dahi liderin təşəbbüsü ilə bağlanan neft sazişləri bu gün öz bəhrəsini verir
Bu gün Azərbaycanda qazanılan bütün uğurlar Heydər Əliyevin adı ilə bağlıdır

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə təbdirlər davam etdirilir. Belə tədbirlərdən biri də rayon təşkilatının Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundakı ərazi ilk partiya təşkilatında baş tutub.

Tədbir iştirakçıları əvvəlcə zavodun ərazisindəki Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir işini zavodun mədəniyyət sarayında davam etdirib.

Çıxış edən Heydər Əliyev adına BNEZ-in direktoru bildirib ki, bu gün Azərbaycanda qazanılan bütün uğurlar Heydər Əliyevin adı ilə bağlıdır: "Onun bütün fəaliyyəti dövründə qəbul etdiyi qərarlar indi də aktualdır və həmişə aktual olaraq qalacaq. Ulu öndərin istər daxili, istərsə də xarici siyasət sahəsində atdığı hər bir addım müstəqil Azərbaycanın inkişafına xidmət etmişdir. Təsadüfi deyildir ki, bu gün Azərbaycanın yüksək siyasi nüfuzu, dünya ölkələri arasında özünə layiqli yer tutması məhz Heydər Əliyev siyasətinin uğurlu nəticəsidir".

YAP Nizami rayon təşkilatının Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundakı ərazi ilk partiya təşkilatının sədri Samir Əhmədov Ümummilli liderimizin gənclər siyasətindən söz açıb. Qeyd edib ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, həmişə xalqını düşünən, onun xoş gələcəyi naminə yorulmaq bilmədən çalışan Ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycan çox böyük layihələrin təşəbbüskarı və icraçısıdır: "Dahi liderin təşəbbüsü ilə bağlanan neft sazişləri bu gün öz bəhrəsini verir. Xalqımız yeraltı və yerüstü sərvətlərin sahibidir".

Millət vəkili vurğulayıb ki, Ulu öndərin başladığı böyük işlər Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Digər çıxışçılar da Ümummilli liderin tarixi missiyasından, xalq qarşısındakı xidmətlərindən söz açıblar.

Sonra YAP Nizami rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında aktivliyinə görə, bir qrup partiya fəalına fəxri fərmanlar və yeni üzvlərə partiya vəsiqələri təqdim edilib. Həmçinin, Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə keçirilmiş şahmat turnirinin və "Sən elə bir zirvəsən ki..." şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbir işini Nizami rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinin ədəbi-bədii kompozisiyası ilə davam etdirib.

Yubiley tədbirində ARDNŞ-in vitse-prezidenti David Məmmədov iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə