Misir Mərdanov: “Yeni vəzifəmlə bağlı proqramımızı müəyyən müddətdən sonra açıqlayacağıq”
"Azərbaycan prezidenti İlham Əliyevin vəzifədən alınmağımla bağlı sərəncamını yaxşı qarşılayıram. Cənab Prezidentin mənə verdiyi digər məsul vəzifənin verilməsi ilə bağlı addımını da yüksək qiymətləndirirəm". SİA-nın verdiyi xəbərə görə, bunu keçmiş təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamada deyib. Keçmiş nazirin sözlərinə görə, hər zaman çalışıb ki, ölkə başçısının etimadını doğrultsun: "10 ildir Prezident İlham Əliyevin, 5 il isə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında təhsil naziri vəzifəsində çalışmışam. Həmişə çalışmışam ki, onların etimadını doğruldum. 67 yaşlı bir professorun, bu vəzifədən başqa bir məsul vəzifəyə keçirilməsini yüksək qarşılayıram. Bunu özümə, həmişəki kimi cənab Prezidentin yüksək diqqət və qayğısı kimi qəbul edirəm. İnşallah, bundan belə yeni vəzifədə Prezidentin etimadını doğrultmağa çalışacağam".
Yeni vəzifəsindən danışan M.Mərdənov bildirib ki, hələlik işçilər və problemlərlə tanış olur: "Müəyyən müddətdən sonra proqramımızı açıqlayacağıq. Həmin vaxt medianı da dəvət edəcəyəm".
Yeni təhsil nazirinin fəaliyyətinə münasibət bildirən Misir Mərdənov qeyd edib ki, onu ilk təbrik edən şəxslərdən olub: "Ona uğur arzu etmişəm. Əminəm ki, yeni təhsil naziri cənab Prezidentin etimadını doğruldacaq. Bizim hər birimiz də ona bu işdə kömək etməliyik. Çünki təhsil bir müəssisənin, bir idarənin işi deyil. Təhsil milli məsələdir. Hər birimiz bu işdə kömək olmalıyıq".
Keçmiş nazir qeyd edib ki, bundan sonra da ictimai-siyasi həyatda fəal olacaq: "Çünki mən həm də YAP-ın İdarə Heyətinin üzvüyəm. Həyatımı bu sahədə keçirmişəm. Bundan belə də bütün tədbirlərdə fəal iştirak etmək fikrindəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB