Astarada Beynəlxalq elmi konfrans keçirilib

“İnformasiya-Kommunikasiya Texnologiyaları və Qloballaşma” mövzusunda keçirilən tədbirdə dünyanın 4 ölkəsindən nümayəndələr iştirak edib
Astarada Beynəlxalq elmi konfrans keçirilib

Mayın 4-də Astara şəhərində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "İnformasiya-Kommunikasiya Texnologiyaları və Qloballaşma" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara Rayon İcra Hakimiyyəti və Astara Pedaqoji Kollecin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın 4 ölkəsindən-Rusiya, Türkiyə, Hindistan və Özbəkistandan dəvət edilmiş alimlər, respublikamızın tanınmış elm xadimləri qatılıblar.

Əvvəlcə Astara Pedaqoji Kollecində yaradılan şəraitlə yaxından tanış olan konfrans iştirakçıları rayon mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələləri düzərək xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı və zəngin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə yaxından tanış olublar. Konfaransdan öncə "Əbədiyyət yolu" sənədli filmə nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Astara Pedaqoji Kollecin direktoru, fəlsəfə doktoru Əlihəsən Həmzəyev bildirib ki, müasir Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində böyük təntənə ilə qeyd edilir. Bu günkü konfransın məramına toxunan natiq qeyd edib ki, sürətlə inkişaf edən Azərbaycan Respublikası da dünyada qloballaşmanın inkişafına öz töhfəsini verir. Ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli cografi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək Şərq ilə Qərb arasında körpü rolunu uğurla həyata keçirir. Bildirilib ki, müstəqillik illərində Azərbaycana rəhbərlik edən görkəmli siyasətçi Heydər Əliyevin informasiya və kommunikasiya texnologiyaları sahəsində müəyyənləşdirdiyi strategia bu gün də uğurla həyata keçirilir. Belə ki, Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü il Azərbaycanda "İnformasiya Kommunikasiya Texnologiyaları İli" elan olunub.Bu ilin fevral ayında Azərbaycanın ilk süni peykinin orbitə buraxılması Ümummilli Lider Heydər Əliyev ideyalarının təntənəsidir.

Beynəlxalq elmi konfransda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Akademiyasının fəlsəfə kafedrasının müdiri Aleksanr Nikolayeviç Çumakov, AMEA-nın müxbir üzvü, akademik Südeyif İmamverdiyev, Özbəkistan Fəlsəfə Cəmiyyətinin prezidenti, akademik Səid Şermuxamedov, Hindistanın "Braxma Kumaris-in Sankt-Peterburq Mərkəzi" regional mədəni-maarifçilik ictimai təşkilatın baş direktoru Santoş Kukredja, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun sosial fəlsəfə bölməsinin müdiri Valentina Qavrilovna Fedotova, Türk-Rus Mədəni Mərkəzinin baş direktoru Arif Asalıoğlu, filologiya elmləri doktoru, professor Mirzə Rəhimov, Milli Aviasiya Akademiyasının kafedra müdiri, professor İbrahim Quliyev və başqları mövzuyla bağlı çıxış ediblər.

Elmi konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Feynəlxalq konfransın iştirakçılarına serifikatlar, fəxri diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə