Beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib

Beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi beynəlxalq yazı müsabiqəsinə daxil olmuş məqalələrin qiymətləndirilməsi mərhələsi başa çatıb. SİA-ya verilən məlumata görə, 15 fevral 2013-cü ildə elan olunmuş və dünyanın 6 ölkəsində -Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyada yerləşən Azərbaycan Respublikasının səfirlikləri vasitəsilə, bu ölkələrin ictimaiyyətinin diqqətinə çatdırılıb və müsabiqə barədə xəbər böyük marağa səbəb olub. Müsabiqə ulu öndər Heydər Əliyevin şəxsiyyəti, beynəlxalq ictimai-siyasi fəaliyyəti, Azərbaycanın həmin ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrində ulu öndərin rolu haqda mövzuları əhatə edib.

Bu gün Şurada müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsinin son mərhələsi ilə bağlı Müsabiqə Komissiyasının yekun toplantısı keçirilib. Komissiyanın tərkibinə millət vəkili Elmira Axundova, "Azəri-Press" Holdinqinin prezidenti Vüsalə Mahirqızı, "İnterfaks-Azərbaycan" informasiya agentliyinin direktoru Aleksandr İvanov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Jurnalistlər İttifaqının baş katibi Ramiz Əsgər və "1News.az" informasiya agentliyinin baş direktoru Rəhman Hacıyev daxildir. Toplantıda yazı müsabiqəsinə yekun vurulduğu qeyd olunub və qaliblərin mükafatlandırma mərasiminin təşkili ilə bağlı məsələlər müzakirə edilib.

Xatırladaq ki, müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi 07 may 2013-cü ildə Bakıda "Hilton" hotelinin "Sevda" zalında saat 10:30-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə