"Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan Silahli Qüvvələrinin qurucusudur" FOTO

"Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan Silahli Qüvvələrinin qurucusudur" FOTO

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, müdafiə naziri general-polkovnik Səfər Əbiyev "Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan Silahli Qüvvələrinin qurucusudur" mövzusunda çıxış edib.

Müdafiə naziri çıxışı zamanı qeyd edib ki, ordunun inkişafında müstəsna xidmətləri olan Heydər Əliyev bizim üçün unudulmazdır. Vahid komandanlığa tabe olan Silahlı Qüvvələrin yaradılması məhz onun adı ilə bağlıdır. Peşəkar hərbçi üçün bunun nə demək olduğunu təkrar izah etməyə gərək yoxdur: "Bir anlığa 90-cı illərin əvvəllərini xatırlayaq. Bütövlükdə cəmiyyətimizdə, eyni zamanda orduda hansı vəziyyətin hökm sürdüyü yaddaşlardan silinməyib. Xaos və anarxiya tüğyan edirdi. Ağır problemlərin aradan qaldırılmasında ulu öndərimizin əvəzsiz xidmətlərini bu gün hər bir Azərbaycan vətəndaşı və əsgəri böyük minnətdarlıq hissi ilə yad edir. Bu böyük şəxsiyyət müasir ordumuzun fəlsəfəsini yaratmış dahi sərkərdədir".

Nazir, həmçinin siyasi fəaliyyəti və təkrarolunmaz həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış Ulu öndərimiz Heydər Əliyevin nəinki xalqımızın, eləcə də bütün dünya xalqlarının yaddaşında böyük dövlətçilik təcrübəsinə malik görkəmli siyasi xadim kimi qalacağını bildirib.

Səfər Əbiyev nitqində, həmçinin Azərbaycanın görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla yad edib. O bildirib ki, Zərifə xanım təkcə ümumilli lider Heydər Əliyev üçün sədaqətli ömür-gün yoldaşı deyildi, o, eyni zamanda ağır və çətin günlərdə onun mənəvi dayağı olub: "Zərifə xanımın tibb sahəsində xidmətləri unudulmazdır. O gerçəkdən böyük alim idi. Bir neçə gün öncə oftalmologiya elminin inkişafında böyük xidmətləri olan unudulmaz akademikimiz Zərifə xanım Əziz qızının 90 illik yubileyi də Azərbaycan dövləti və xalqı tərəfindən minnətdarlıq hissi ilə yad edilib".

Nazir xüsusi vurğulayıb ki, müasir Azərbaycan dövlətinin böyük bir tarixi Heydər Əliyevin adı ilə bağlıdır: "Tam cəsarətlə deyə bilərik ki, məhz onun rəhbərlik etdiyi dövrlərdə Azərbaycan ayağa qalxaraq, iqtisadi, sosial, mədəni və mənəvi sahələrdə böyük irəliləyişlərə nail olub. Azərbaycançılıq ideyası məhz bu prosesin tərkib hissəsi kimi prezident Heydər Əliyevin siyasi fəaliyyətinin əsasına çevrilib. Ulu öndər Azərbaycançılıq prinsipini dövlətin idarəçilik sistemində ön cərgəyə çıxardı və indi bunun böyük nəticələrini aydın görürük".

Nazir çıxışında vurğulayıb ki, Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Milli Ordu quruculuğu sahəsində də yeni mərhələlərin təməlini qoyub: "Xüsusilə qeyd etmək istərdim ki, ordu siyasətində onun açdığı iz bu gün cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir. Mən siyasi varisliyin bir parlaq cəhətini də məhz burada görürəm".

"Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyib. Biz hər an öz doğma torpağımızı azad etməyə hazır olmalıyıq. Biz Qələbə gününü görəcəyik... Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq", - deyə Səfər Əbiyev nitqin sonunu Ali Baş Komandan İlham Əliyevin son vaxtlar dönə-dönə təkrar etdiyi və böyük inamla dediyi kəlamlarla bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə