Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə həsr edilən ESSE müsabiqəsi keçirib

Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə həsr edilən ESSE müsabiqəsi keçirib

Bu gün Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi Azərbaycanda müstəqil hüquqi demokratik və dünyəvi dövlətin qurucusu Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə həsr edilən, ESSE müsabiqəsini keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Elmi Araşdırmalar Mərkəzinin sədri Qədəmşah Sadıxov, millət vəkili Aydın Mirzəzadə, Təhsil Nazirliyinin nümayəndəsi Maral Salmanova, Ombudsman aparatının nümayəndəsi Müqabil Mahmudov, müsabiqə qalibləri və media nümayəndələri iştirak edib.

Mərkəzin sədri bildirib ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur: "Güclü aktiv və avanqard qüvvə kimi gənclər, ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf və modernləşmə strategiyasının təməl sütunları deməkdir".

O, həmçinin qeyd edib ki, Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.

Təbdirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın Ümummilli lideri Heydər Əliyevdir.

Millət vəkili, vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub: "Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir".

Digər tədbir iştirakçıları da Ulu öndərin gənclərə diqqət və qayğısı barəsində məlumat veriblər. Sonda müsabiqə qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd, gənclər arasında Heydər Əliyev ideyalarının təbliği və müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsidir.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə