Metro işçiləri Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyini qeyd etdilər
Bu gün Bakı Metropoliteninin Rabitə evində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq Ulu Öndərin metro haqqında dediyi dəyərli fikirlər və metronun inkişaf yolu haqqında video- çarx nümayiş olunub.
Daha sonra çıxış edən Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, xalqımız dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyini onun ölməz ruhuna, əziz və unudulmaz xatirəsinə dərin ehtiramla qeyd edir: "Ümummilli lider Heydər Əliyev metronu yer altında mədəniyyət və memarlıq abidəsi kimi dəyərləndirirdi. Bakı metropolitenindəki yeniliklər, uğur və nailiyyətlər Ulu öndərimizin 90 illik yubileyinə çox böyük töhfədir. Ən son yenilik vaqon parkımızın ən müasir vaqonlarla təchiz edilməsi sahəsində görülən işlərdir".
"Rusiyanın Mıtişşi zavodundan aldığımız bir heyətlik 5 vaqon texniki təchizatına görə əvvəlkilərdən xeyli fərqlənir. Bu vaqonlarda sərnişinlərin nəinki rahatlığı və təhlükəsizliyi, həm də sağlamlığı, yoluxucu xəstəliklərdən qorunması üçün texniki vasitələr quraşdırılıb. Hazırda sınaq müddəti keçən yeni vaqonlardan daha 3 heyət alıb gətirməyi və gələn il istifadəyə veriləcək "Avtovağzal", "Əcəmi-2" stansiyalarında istismara buraxmağı nəzərdə tuturuq. Həmin stansiyalarla yanaşı, hərbi hospitalın qarşısında yerləşəcək stansiyada da hazırda tikinti işləri aparılır. Oradan isə Heydər Əliyev İdman-Konsert Kompleksinin yaxınlığında inşası üçün yer müəyyənləşdirilmiş stansiyaya doğru yeni tunel qazılacaq. "H.Aslanov" stansiyasından Yeni Günəşliyə çəkilən tunelin isə uzağı, 2016-cı ildə başa çatdırılacağını gözləyirik. Hazırda Bakı metropolitenin 8 stansiyasında və 2 depoda tikinti işləri gedir. Ümumiyyətlə, metro tikintisinin ən qızğın vaxtlarında belə indiki sürət olmayıb. Prezident İlham Əliyevin konseptual sxemdə qarşımıza qoyduğu tələb belədir: 2030-cu ilə qədər Bakıda əlavə olaraq 50 metro stansiyası tikilməlidir",- deyə Bakı Metropoliteninin rəisi yeniliklərdən danışarkən fikirlərinə əlavə edib.
Qeyd edək ki, tədbirdən əvvəl Bakı Metropoliteninin işçiləri Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək qəbri önünə gül dəstələri qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB