Millət vəkili Qənirə Paşayeva Şimali Kipr Türk Respublikasının (ŞKTR) millət vəkili, sabiq Kənd Təsərrüfatı və Təbii Sərvətlər naziri Zorlu Töre və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə millət vəkili Qənirə Paşayeva ŞKTC-nin uğurlarına dost, qardaş Azərbaycanın hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü deyib. O, Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib. Dəfələrlə Şimali Kipr Türk Respublikasına səfər etdiyini, oradakı insanların ədalətli mücadiləsi ilə bağlı məqalələr, kitablar yazdığını vurğulayan millət vəkili Qənirə Paşayeva, əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu bildirib.
Millət vəkili ŞKTR-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamların və turistlərin sayının hər il sürətlə artmasının müsbət hadisə olduğunu vurğulayıb. Q. Paşayeva görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə də məlumat verib.
Şimal Kipr Türk Respublikasını millət vəkili, sabiq Kənd Təsərrüfatı və Təbii Sərvətlər naziri Zorlu Töre Azərbaycanın Ümummilli lideri və Türk dünyasının böyük liderlərindən biri Heydər Əliyevin 90 illiyi yubileyi ərəfəsində Azərbaycana səfər etməsindən məmnunluq duyduğunu ifadə edib. O, ŞKTR-nin paytaxtı Lefkoşada mərkəzi küçələrdən birinin Heydər Əliyevin adının daşıdığını deyib və bildirib ki, ŞKTR-dəki insanlar hər zaman Azərbaycanın yanındadır: "Mən inanıram ki, Azərbaycanın, Türk millətinin vətəninin bir parçası olan Qarabağ işğaldan azad ediləcək və bu istiqamətdə dünyanın hər yerində yaşayan türk kökənli insanlar Azərbaycanın yanında olmalı və öz dəstəyini əsirgəməməlidir. Qarabağ problemi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir".
Azərbaycanı qardaş ölkə adlandıran ŞKTR-nin millət vəkili Zorlu Töre qardaş, dost Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və əməkdaşlığın getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini deyib.
Millət vəkili Qənirə Paşayeva və Şimal Kipr Türk Respublikasının millət vəkili Zorlu Töre qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıblar.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva ŞKTR-nin millət vəkili Zorlu Töreyə Azərbaycan, Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB