Akademik Arif Paşayev: "Qonaqlar təəssüratlarını gənclərlə bölüşmək arzusundadırlar"

Akademik Arif Paşayev: "Qonaqlar təəssüratlarını gənclərlə bölüşmək arzusundadırlar"

Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları (ABŞ) Nəqliyyat Komandanlığının komandanı, general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyəti mayın 2-də Milli Aviasiya Akademiyasında olub.

ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyəti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və Birləşmiş Ştatların ölkəmizdəki səfiri Riçard Morninqstar ulu öndər Heydər Əliyevin Akademiyadakı büstü önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Qonaqların Milli Aviasiya Akademiyası ilə tanışlığı Hesablama Mərkəzindən başlayıb. Bildirilib ki, tələbələrin imtahanı mərkəzləşdirilmiş şəkildə test üsulu ilə aparılır. Bununla da obyektiv qiymətləndirilmə təmin edilir.

Nümayəndə heyəti Akademiyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində də olublar. Diqqətə çatdırılıb ki, bu muzeyin yaradılmasını ulu öndər Heydər Əliyev tövsiyə edib.

General Uilyam Freyzer Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Məlumat verilib ki, Akademiyada 60 minə yaxın ədəbiyyatın olduğu kitabxana da tələbə və müəllimlərin ixtiyarındadır.

Amerikalı qonaqlar trenajor mərkəzi ilə də tanış olublar. Həm yerli, həm də xarici uçuş heyətlərinin hazırlanmasının həyata keçirildiyi bu mərkəzdə "Aerobus-320", "Boeing-757" və "Boeing-767", "ATR-72" və "Mi-171" helikopteri olan trenajorları yerləşdirilib. Gün ərzində hər bir trenajorda 5 heyətin hazırlanması mümkündür.

Akademiyadakı di-brifinq otağı ilə də maraqlanan qonaqlara uçuşun parametrlərinə nəzarət edən sistem haqqında, eləcə də burada tədris prosesi barədə məlumat verilib.

Sonra tələbələrlə görüş keçirilib.

Rektor, akademik Arif Paşayev bildirib ki, qonaqlar Akademiya ilə tanışlıqdan aldığı təəssüratlarını gənclərlə bölüşmək arzusundadırlar.

General Uilyam Freyzer Azərbaycanda aviasiyanın inkişafının şahidi olduğunu söylədi. O, Azərbaycanın ABŞ-a və beynəlxalq ictimaiyyətə, xüsusən Birləşmiş Ştatların Nəqliyyat Komandanlığına verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. "Siz əsl dostsunuz və biz gördüyünüz işləri yüksək qiymətləndiririk", - deyən qonaq Azərbaycanı Birləşmiş Ştatların güclü və dəyərli tərəfdaşı adlandırdı.

Əlaqələrin demokratik inkişafa dəstək, təhlükəsizlik, enerji, ticarət və digər sahələrdə əməkdaşlıq üzərində qurulduğunu deyən general, aviasiya sənayesində təhlükəsizliyi təmin etmək üçün ünsiyyət, rabitə qapılarının açıq saxlanılmasının vacibliyini diqqətə çatdırdı.

"1938-ci il iyunun 2-də yaradılan Azərbaycanın ilk aviasiya qrupunun 75-ci ildönümünü birgə qeyd etməkdən şərəf və iftixar duyuram", - deyən Uilyam Freyzer bu gün mülki aviasiyanın Azərbaycanda inkişaf edən sahə olduğunu, son illərdə ölkəmizdə yeni beynəlxalq hava limanlarının tikildiyini, yeni təyyarələrin alındığını vurğuladı. Qonaq qeyd etdi ki, Bakıya gələndə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikilməsinin şahidi olub və buradakı inkişaf onu valeh edib. O əminliklə söyləyib ki, bugünkü tələbələr Azərbaycanın yeni tarixinə şərəfli səhifələr yazacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə