Lənkəranda konfrans keçirilib

Lənkəranda konfrans keçirilib

Tədbir "Azərbaycanın tərəqqi yoluna nur saçan günəş – Ümummilli Lider Heydər Əliyev" mövzusunda baş tutub

May 2-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH və YAP Lənkəran şəhər təşkilatı ilə birlikdə "Azərbaycanın tərəqqi yoluna nur saçan günəş – Ümummilli Lider Heydər Əliyev" mövzusunda konfrans təşkil olunub.

Tədbir Ulu Öndərin Xatirə parkında ucalan abidəsinin ziyarəti ilə başlanıb. Sonra Şəhər İcra Hakimiyyətini başçısı Taleh Qaraşov xalqımızın dahi oğlu, müdrik siyasi xadim Heydər Əliyevin tariximizə qızıl hərflərlə yazılmış fəaliyyətinin ayrı-ayrı mərhələlərini xronoloji ardıcıllıqla təhlil edib. Bildirib ki, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi illərdə ölkədə aqrar, sənaye, elm, xidmət və digər sahələrdə həyata keçirilən layihələrin nəticəsi olaraq Azərbaycanın xammal yönümlü bir respublikadan sənaye sahəsində qabaqcıl texnologiyaların tətbiq olunduğu bir ölkəyə çevrilib, Xalqımızın rifah halı dəfələrlə yüksəlib. Müstəqillik illərində ayrı-ayrı qüvvərin ölkəni böhran həddinə çatdırdığı bir vaxtda xalqın təkidli tələbilə yenidən hakimiyyətə qayıdan Ümummili Lider görkəmli dövlət xadimi olduğunu bir daha sübut edərək Azərbaycanı xaosdan,ən ümdəsi isə onu bir dövlət kimi yox olmaq təhlükəsindən qurtarıb. İcra başçısı əlavə edib ki, Azərbaycan torpağı zaman-zaman bölünsə də, bəşər tarixinə, dünya sivilizasiyasına görkəmli, dahi şəxsiyyətlər bəxş edib. Ötən yüzillikdə xalqa rəhbərlik kimi böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik dahi şəxsiyyətlər arasında dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev müstəsna yer tutur. Azərbaycanın işıqlı sabahı naminə Ulu Öndərin həyata keçirdiyi nəhəng işlərin bəhrələri təkcə bizə deyil, gələcək nəsillərə də kifayət edər.

Taleh Qaraşov çıxışında həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini dilə gətirib, iki dəfə 1996-2002-ci illərdə Ümummilli Liderin Sərəncamları ilə İcra başçısı vəzifələrinə təyin edilməsindən söhbət açıb, Dahi Rəhbərin ona verdiyi tövsiyələri xatırladıb.Və qeyd edib ki, Ulu öndərin dediyi kimi "Nə qədər Azərbaycan var, ümummilli lider Heydər Əliyev də daim yaşayacaqdır".

YAP şəhər təşkilatının sədri İlqar Dadaşovun Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı məruzəsi dinlənilib. İ.Dadaşov bildirib ki,"Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yübileyi haqqında" Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar Lənkəranda da geniş tədbirlər planı hazırlanıb. Artıq Heydər Əliyev Mərkəzində, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil müəssisələrində, ayrı-ayrı kollektivlərdə əlamətdar yübiley münasibəti ilə silsilə, rəngarəng tədbirlər həyata keçirilir. Ulu öndərin örnəklərlə dolu həyatı bir daha xatırlanır, ruhu yad edilir.

Çıxış edənlərdən Rayon Ağsaqqallar Şurası sədrinin müavini, əmək veteranı Sərhad Məmmədov, Xalq artisti Qabil Quliyev, ŞTŞ müdirinin müavini Güloğlan Bağırov, Lənkəran Tibb Kollecinin direktoru İqbal Əmənullayev xalqımızın dahi oğlu, siyasi və dövlət xadiminin dövlətimizin qüdrətlənməsi yolunda göstərdiyi fədakarlığını bir daha dilə gətiriblər.

Sonda İcra başçısı Taleh Qaraşov YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələrini təqdim edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə