"Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir gənclik" FOTO

"Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir gənclik" FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatında Ümummilli lider Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində "Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir gənclik" mövzusunda, YAP üzvü olan gənclər üçün "Açıq qapı" günü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Partiyanın idarə heyəti və Şura üzvləri, Qadınlar Şurasının üzvləri, ziyalılar, ərazi ilk partiya təşkilatlarının sədrləri, ali və orta ixtisas məktəblərinin tələbə-gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi nəinki respublikamızda, eləcə də dünyanın bir çox ölkələrində yüksək səviyyədə qeyd olunur. Dünya mətbuatı, kütləvi informasiya vasitələri, xəbər portalları, sosial şəbəkələrdə keçirilən tədbirlər, Ulu öndərə sevgi və ehtiramlarını geniş işıqlandırır və təbliğ edirlər. Ümummilli lider Heydər Əliyev müdrik ideyaları, misilsiz xidmətləri, əbədiyaşarlığı ilə sülhsevər insanların bir araya gəlməsində, həmrəylik və birliyində mühüm rol oynayır, hər kəsin fikir və düşüncələrini, qüvvəsini xoşbəxt gələcəyə istiqamətləndirir.

Təşkilat sədri qeyd edib ki, dahi Heydər Əliyev siyasi kursu müasir Azərbaycan gəncliyinin inkişafında, xüsusi önəm kəsb edən zəngin məktəbdir. Bu gün ölkəmizin, eləcə də Ulu öndərə daim sevgisi və sədaqəti ilə seçilən doğma Gəncəmizin yeniyetmə və gəncləri onun müqəddəs ideyalarından bəhrələnir. Elm, təhsil, mədəniyyət və idman sahəsində qazandıqları nailiyyətlərlə Ulu öndərin əziz xatirəsini uca tuturlar. Azərbaycan Prezidentinin yubileylə bağlı məlum sərəncamına uyğun olaraq, aprel ayının əvvəllərindən başlayaraq şəhər İcra Hakimiyyətinin YAP Gəncə şəhər təşkilatı ilə birgə keçirdiyi və davam edən çoxşaxəli, dərin məzmunlu silsilə tədbirlərdə bunun bir daha şahidi olduq".

Şəhər Təşkilatının sədri xatırladıb ki, aprel ayının 25-də şəhərin ali və orta-ixtisas məktəblərindən YAP üzvü olan gənclər arasında şahmat turniri keçirilib: "Yarış gənclərin intellektinin daha da inkişaf etdirilməsini, təmkinlilik, düşüncə qabiliyyətlərinin formalaşmasını şərtləndirdi. Tanınmış və qabaqcıl ali təhsil müəssisəsi olan ADAU-nun komandası turnirin qalibi olub. Həmçinin ali və orta ixtisas məktəbləri, YAP Gənclər Birliyi ərazi ilk partiya təşkilatlarının nümayəndələri arasında "Heydər Əliyev irsini öyrənirik" adlı "Bilik yarışı" keçirilib. Hərtərəfli bilik və fəallıq nümayiş etdirən Humanitar Kollecin komandası birinci yeri tutaraq güclü olduqlarını təsdiqləyiblər".

Aprel ayında üç mərhələdə dairəvi şəkildə keçirilən futzal yarışları Gəncə Dövlət Universitetinin qələbəsi ilə yekunlaşıb. Şəhər Təşkilatının sədri vurğulayıb ki, keçirilən tədbirlərdə yüksək fəallıq göstərən gənclər dahi Heydər Əliyevin müqəddəs ideyalarına nə qədər sədaqətli olduqlarını, ölkə rəhbəri cənab İlham Əliyevin genişmiqyaslı, yorulmaz fəaliyyətini yekdilliklə dəstəklədiklərini və dövlətçiliyimizin qorunmasında, Vətənimizin tərəqqisində sarsılmaz qüvvə olduqlarını nümayiş etdiriblər.

Sonra "Bilik yarışı"nın qalibi olan Humanitar Kollecin komandasına ənənəyə uyğun olaraq, YAP Gəncə şəhər Təşkilatının Keçici Bayrağı, futbol yarışlarının qalibi olan GDU-nun komandasına yarışın Kuboku təqdim olunub. Bütün yarışların qaliblərinə və üzvlərinə qiymətli hədiyyələr verilib.

Tədbirdə Gəncə şəhər Ağsaqqallar Şurasının üzvləri, təşkilatın Şura üzvləri çıxış edərək gənclərimizdə ideya-siyasi işin təşkili səviyyəsinin yüksək olduğunu önə çəkiblər. Gənclər arasında belə yarışların təşkilinin vacibliyini, əhəmiyyətini, idmanın kütləviliyinin artmasına və asudə vaxtlarının təşkilinin səmərəsinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıblar.

Yarış və turnirin qalibi olan və iki yeri tutan komandalara YAP Gəncə şəhər Təşkilatının təsis etdiyi diplomlar, qalib komandaların üzvlərinin hər birinə qiymətli hədiyyələr təqdim edilib.

Şəhər Təşkilatının sədri qalibləri və yarışların iştirakçılarını təbrik edərək təhsildə, siyasi fəaliyyətlərində onlara davamlı qələbələr arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə