Gənclər arasında elektron xidmətlərin təbliği istiqamətində konfrans keçirilib

Gənclər arasında elektron xidmətlərin təbliği istiqamətində konfrans keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 26 - 30 aprel tarixlərində "Gənclərin elektron fəaliyyətlərinə investisiya yatırılması prosesinin modelləri və çətinlikləri" adlı konfrans keçirib. ATGT-dan SİA-ya verilən məlumata görə, konfransın əsas məqsədi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində tələbələrdə, onlara paylanılmış tələbə kartı vasitəsilə elektron satınalmalar və rəqəmsal xidmətlərdən yararlanma imkanlarının inkişaf etdirilməsidir. Layihənin açılış mərasimində ATGTİ-nin sədri Şahin İsmayilov, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və "Xəzər" İnvestisiya Mərkəzinin rəhbəri Elşən Musayev iştirak ediblər.

Konfrans çərçivəsində Avropanın 8 ölkəsindən (Polşa, Serbiya, Litva, Rumıniya, İngiltərə, Finlandiya və s.) 15-ə yaxın mütəxəssis yerli tələbə - gənclərlə dünya üzrə geniş yayılmış elektron xidmətlər, onların növləri və s. mövzularda müzakirələr aparıb, tələbələri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, dövrümüzün tələbinə uyğun olaraq artıq dünya üzrə bir çox müəssisə əhaliyə müxtəlif elektron xidmətlər təklif edir. Bu proses Azərbaycandan da yan keçməyib. Elektron xidmətlərin ölkəmizdəki gələcək inkişafı, tələbələrimizin bu xidmətlərdən tam şəkildə yararlanmaları üçün ATGTİ bu istiqamətdə aktiv fəaliyyətini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə