Gənclər üçün Təhsil Mərkəzi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Təhsil millətin gələcəyidir" kampaniyasına start verib. Mərkəzdən SİA-ya verilən məlumata görə, kampaniyanın məqsədi Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz rolu haqqında gənc nəslin məlumatlandırılmasına şərait yaratmaq və ölkəmizdə təhsilin inkişafına dəstək verməkdir.
Cari ilin sonuna qədər davam edəcək proqram Azərbaycanın əksər regionlarında həyata keçiriləcək.
Kampaniya çərçivəsində cəzaçəkmə müəssisəsindəki uşaqlar üçün kitab toplama aksiyası, müxtəlif müsabiqələr, sərgi və olimpiyadalar, seminar və təqdimatlar təşkil olunacaq, tanınmış şəxslərin təhsilə dəstək fotoları və video çarxları hazırlanacaq.
Kampaniyanın koordinatoru Fəxrəddin Həsənzadənin verdiyi məlumata görə, ictimaiyyət tərəfindən daxil olan təşəbbüslərin də dəstəklənməsi mümkündür. Bunun üçün onlar istənilən vaxt Mərkəzə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə