Nizami rayonunda Ulu öndərin yubileyi münasibətilə tədbir keçirilib

Fəttah Heydərov: Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın misilsiz inkişaf dinamikası bütün dünya birliyi tərəfindən artıq etiraf edilir
Nizami rayonunda Ulu öndərin yubileyi münasibətilə tədbir keçirilib

Nizami rayonunda, 62 saylı orta məktəbdə müasir Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə növbəti tədbir keçirilib.

Tədbir çərçivəsində qonaqlar öncə Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq, əl işlərindən ibarət təşkil edilmiş sərgilə tanış olublar.

Tədbir işini məktəbin kollektivi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam etdirib.

Şagirdlərin Ulu öndərə həsr etdikləri ədəbi-bədii kompozisiya başa çatdıqdan sonra çıxışlar olub.

Çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib ki, Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın misilsiz inkişaf dinamikası bütün dünya birliyi tərəfindən artıq etiraf edilir: "Həqiqətən, qısa tarixi dövrdə – cəmi iyirmi il ərzində gənc müstəqil dövlətimiz elə bir yol keçib ki, bir sıra ölkələrin bu yolu keçməsi üçün yüzilliklər lazım gələrdi. Bu müddətdə Azərbaycan yarıdağılmış, daxili ziddiyyətlərin girdabında boğulan, gələcəyi üçün aydın oriyentirləri görünməyən, dərin siyasi və iqtisadi böhran içində olan bir ölkədən günbəgün çiçəklənən, sabit, dinamik inkişaf edən, bu gün artıq nəinki regional geosiyasətə, hətta müasir dünya nizamının arxitekturasına təsir göstərən dövlətə çevrilib".

Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov isə Ulu öndər Heydər Əliyevin müstəqil müasir Azərbaycanın yaranması və möhkəmlənməsi istiqamətindəki müstəsna xidmətindən danışıb, Ümummilli lideri dövlətçiliyimizin memarı adlandırıb.

Onun sözlərinə görə, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatımız dirçəlməyə başlayıb, Azərbaycanda neft strategiyasının əsası qoyulub, "Əsrin müqaviləsi" imzalanıb, ölkəmiz demokratik inkişaf yolu tutub.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə Ulu öndərin ölkəmizin çiçəklənməsi naminə apardığı uzaqgörən və müdrik siyasətindən danışıb. Həmçinin Ümummilli liderin 1990-cı illərdə Azərbaycanı vətəndaş müharibəsindən xilas etməsindən və erməni təcavüzünün qarşısının alınmasında oynadığı roldan, ölkəmizi dünya arenasında tanıdılması sahəsindəki xidmətlərindən danışıb.

Çıxış edən digər qonaqlar da Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, müasir Azərbaycanın qurulmasındakı rolu, ölkəmizin daxili və xarici siyasətinin təməlinin qoyulmasında və inkişafında əvəzolunmaz fəaliyyəti barədə məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə