Ümumdünya Səhiyyə Təşkilatı quş qripinin yayılmasından narahatdır

Azərbaycan Səhiyyə nazirliyi isə narahatlığa ehtiyac görmür
Ümumdünya Səhiyyə Təşkilatı quş qripinin yayılmasından narahatdır

"Səhiyyə nazirliyi quş qripi və bu kimi təhlükəli virusların yayılmaması üçün daim ciddi nəzarət tətbiq edib". Bunu Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov SƏS TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı quş qripinin yeni yayılmış H7N9 virusunun insandan insana keçməsi faktını təsdiq etmədiyi üçün səfərlərlə bağlı hər hansı qadağalar qoyulmayıb. Viktor Qasımov həmçinin əlavə edib ki, ümumiyyətlə ölkəyə daxil olan bütün ərzaq məhsulları istər gömrük keçid məntəqələrində, istərsə də mağazalarda ciddi yoxlanılır. Bu səbəbdən bu virusun ölkəmizdə yayılması təhlükəsi mövcud deyil.

Bundan başqa Viktor Qasımov qeyd edib ki, virusun insandan-insana keçməsi təsdiq olunmayıbsa, deməli, vəziyyət qorxulu deyil: "Bu virus insandan-insana keçmirsə, təhlükə törətmir. Yalnız xəstəlik insandan-insana keçdiyi halda pandemiya xarakteri ala bilər".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri son zamanlar Çində ortaya çıxmış quş qripinin yeni növünün insanlar üçün ciddi təhlükə olduğunu bildiriblər. İnsana yoluxan bu qripin çox yüksək ölüm göstəricisinə malikdir. Çoxlu sayda insanların yoluxması isə qripin ümumdünya pandemiyasına səbəb ola biləcəyini göstərir. Məlumata görə, Çində H7N9 qripinə 125 nəfər yoluxub. Onlardan 24 nəfəri ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə