Təhsil Nazirliyi: "Dövlət uşaq müəssisələri haqqında yazılanlar qərəzlidir"

Təhsil Nazirliyi: "Dövlət uşaq müəssisələri haqqında yazılanlar qərəzlidir"

Bəzi kütləvi informasiya vasitələrində "Bir idarə rəisinin internat imperiyası" başlıqlı, Təhsil Nazirliyinin nəzdindəki De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi barədə həqiqətə uyğun olmayan məqalə dərc edilib. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, məqalədə "uzun illər fəaliyyət göstərən" kimi qeyd olunan idarə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2010-cu ildə yaradılıb. İnternat məktəblərində şagirdlərin sayının süni şəkildə artması məsələsinə gəldikdə isə bildiririk ki, İdarənin fəaliyyətində başlıca funksiya dövlət uşaq müəssisələrində uşaqların sayının azaldılması və uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır.

Bu məqsədlə Təhsil Nazirliyində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan və yaşayan uşaqlar barədə 3 aydan bir yenilənən məlumat bazası yaradılıb. Dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı 2009-cu ildə 10055 nəfər olduğu halda, 2012-ci ildə isə sayı 8336 nəfərə enib. Dövlət uşaq müəssisələrində gecələyən uşaqların sayında da illər üzrə azalma müşahidə edilir. Belə ki, 2009-cu ildə gecələyən uşaqların sayı 3945 nəfər, 2012-ci ildə isə onların sayı 3671 nəfərə qədər azalıb. Son iki ildə öz bioloji valideynləri və yaxın qohumlarının himayəsinə 228 nəfər uşaq qaytarılıb. Həmin dövr ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 8-17 yaş arası 34 nəfər uşaq övladlığa verilib.

Ölkə üzrə ümumilikdə 756 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.

Bununla yanaşı, İdarə tərəfindən 108 nəfər uşağa doğum haqqında şəhadətnamə, 18 nəfər uşağa isə şəxsiyyət vəsiqəsi alınıb.

Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana əsasən, 12 internat məktəbi lisey, gimnaziya və ümumtəhsil məktəblərin çevrilib. Kar uşaqlar üçün 1 və 3 nömrəli xüsusi internat məktəbləri şagird kontingentinin azalması səbəbindən məsələyə rasionallaşma mövqeyindən yanaşılaraq iki internat məktəbi birləşdirilib və nəticədə sinif komplektlərinin sayı və pedaqoji, həmçinin köməkçi heyət üzrə ştatlarının ixtisarı ilə müəyyən miqdarda dövlət vəsaitinə qənaət edilib.

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan və yaşayan şagirdlər tam dövlət təminatında hesab edilirlər. Ərzaq və geyim qanunvericilikdə müəyyən edilmiş normalar əsasında verilir.

İdarə dövlət uşaq müəssisələrinə yalnız metodiki-təşkilati rəhbərliyi həyata keçirir və onların fəaliyyətinin "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" nın tələblərinə uyğun qurulmasını təmin edir. İdarədə işinə peşəkar yanaşan əməkdaşlardan ibarət işçi heyəti yaranıb. Bununla yanaşı, İdarədə çalışan işçilərin hər biri valideyn himayəsindən məhrum, atılmış, əlilliyi olan, çətin həyat şəraitində yaşayan, həssas qrupa daxil olan uşaqlar və onların ailələri ilə işləməyin məsuliyyətini dərk edirlər.

Məqalədə Həbib Kərimov tərəfindən İdarə rəisi üçün aylıqların toplanması ilə bağlı məlumatın yalan və böhtan olduğunu bildirərək, qeyd etmək istərdik ki, müəssisə rəhbərlərindən hər hansı bir formada vəsait toplanmır.

Məqalədə adı çəkilən H.Kərimov Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbənin müdiridir və rəhbərlik etdiyi şöbə internat məktəblərində keyfiyyətli təhsilin təmin olunmasına, təhsilin yeni kurrikulumun tələblərə uyğun qurulmasına da məsuldur. Şöbənin bu sahəyə diqqətinin nəticəsidir ki, son iki il ərzində dövlət uşaq müəssisələrini bitirmiş məzunlar içərisindən 98 nəfər ali, 76 nəfər isə orta ixtisas təhsil müəssisələrində təhsillərini davam etdirirlər. M.Hacıyevanın qohumlarına gədikdə isə məqalədə qeyd olunan şəxslər M.Hacıyeva İdarə rəisi təyin edilməzdən çox illər öncə vəzifəyə təyin ediliblər. M.Hacıyevanın anası, 1975-ci ildə peşə məktəbinə direktor təyin edilən M.Aslanova 1946-cı il təvəllüdlüdür işlədiyi müddət ərzində əməkdar müəllim, qabaqcıl təhsil işçisi, əmək veteranı kimi fəxri ad və mükafatlara layiq görülüb. Rəhbərlik etdiyi müəssisə ilk-peşə ixtisas müəssisəsi olmaqla İdarənin deyil, Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin kurasiyasında fəaliyyət göstərir. Fərman Aslanov 1993-cü ildən ali təhsilli mühəndis kimi ilk fəaliyyətə peşə liseyində istehsalat ustası kimi başlayıb və 2006-cı ildə direktor təyin edilənədək 10 il müddətində peşə liseyində direktor müavini işəyib. Alik Allahyarov adında isə M.Hacıyevanın əmisi oğlu yoxdur. Göründüyü kimi "Ailə imperiyası" adlı böhtan xarakterli məqalə heç bir fakta söykənməyən jurnalist uydurmasıdır. İdarə tərəfindən görülmüş işlərə kölgə salmaq məqsədini güdür və subyektiv maraqlara xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə