Qazaxıstanda yubiley tədbiri keçirilib FOTO

Qazaxıstanda yubiley tədbiri keçirilib FOTO

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Qazaxıstanın Atırau şəhərində X.Dosmuxamedov adına Atırau Dövlət Universiteti ilə birgə tədbir keçirib. Baş konsuluğdan SİA-ya verilən məlumata görə, universitetin konfrans zalında təşkil edilmiş tədbirdə universitetin müəllim və tələbələri ilə yanaşı, Atırau şəhər ictimaiyyətinin nümayəndələri, Atırau vilayətində yaşayan azərbaycanlıların "Novruz" milli mədəni cəmiyyətinin üzvləri, televiziya və mətbuat işçiləri iştirak ediblər.

Tədbirin əvvəlində Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra, aparıcı tərəfindən Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verilib və onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru filologiya elmləri doktoru, professor Beybit Baymaqambet oğlu Mamrayev çıxışında Heydər Əliyevin dünya səviyyəsində tanınan bir siyasətçi olduğu, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında əhəmiyyətli rolu haqqında danışıb. Daha sonra, Atırau vilayətində yaşayan azərbaycanlıların "Novruz" milli mədəni cəmiyyətinin sədri istefada olan polkovnik Eldar Əhmədov çıxış edərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılarla bağlı apardığı siyasət, onlara qarşı göstərdiyi diqqət və qayğıdan danışdı.

Daha sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov çıxış edərək, dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən danışıb. R.Məmmədov çıxışında, Baş konsulluq tərəfindən Qazaxıstanın qərb vilayətlərində fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsində, o cümlədən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələr arasında Heydər Əliyev adına bir dəfəlik təqaüdün təsis edildiyi haqqında məlumat verərək, təqaüdün qaliblərinin universitet rəhbərliyi ilə Baş konsulluq arasında universitetin əla oxuyan, özlərində liderlik xüsusiyyətləri daşıyan tələbələri arasından seçildiyini qeyd edib.

Çıxışın sonunda Baş konsul, universitetin müxtəlif fakültələrindən seçilmiş beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatlar, Azərbaycan haqqında kitab və suvenirlər, həmçinin beş yüz ABŞ dolları məbləğındə təqaüd təqdim edib. Çıxışlardan sonra, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə