Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi reallıqdır. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması barədə qətnamələri də beynəlxalq təşkilatlar qəbul ediblər. Bu halda Avropa Parlamentinin 5 üzvünün və Belcikadan olan bir professorun işğal altında olan Dağlıq Qarabağa səfər etmələrinə nə ad vermək olar. Bu, ermənilərə mənəvi dəstək deyil, nədir? Söhbət etdiyimiz Milli Məclisin üzvüləri də avropalı 5 parlament üzvünün Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa səfər etmələrini qurumun münaqişənın həllinə ikili yanaşması kimi qiymətləndiriblər.
Millət vəkili Zahid Oruc:
- Bir necə Avropa Parlamentinin təmsilçilərinin Azərbaycanın rəsmi icazəsi olmadan, sərhədlərimizi qanunsuz olaraq pozub Dağlıq Qarabağa səfərlər etmələri birmənalı şəkildə suveren hüquqlarımıza müdaxilədir. Çünki sadəcə separatçı bir bölgəyə hər hansı bir yardımlar göstərmək, öhdəliklər götürmək, o cümlədən iqtisadi iş birlikləri qurmaq niyyəti Avropa Parlamentinin mandatı və onun statusu, səlahiyyətləri ilə uzlaşmayan bir siyasətdir. Biz bununla bağlı Milli Məclisdə müzakirələr apararkən özümüzün ciddi etirazlarımızı ortaya qoymuşuq. Fərdi olaraq da Milli Məclis üzvülərinin AP rəhbırliyinə ünvanlanan etiraz bəyanatları olub. Amma bu prossesə son qoyacaqmı? Avropa Parlamentinin özünün öhdəlikləri nələrdir? Avropa Parlamenti ərazi bütövlüyünü tanıdığı Azərbaycanla bağlı elə qərarlar qəbul etməlidir ki, gələcəkdə digər parlament üzvləri dərk etsin ki, konkret işğal altında olan Dağlıq Qarabağa səfər etməyi planlaşdırarkən bunu Azərbaycandan keçməklə, Azərbaycanın razılığı ilə həyata keçirsinlər. Əks halda bu ciddi qarşıdurmalara və toqquşmalara yol aça bilər. Açıq şəkildə söyləsək bu səfərlər Avropa dairələrinin öz siyasəti ilə əlaqəlidir, siyasi korrupsiya elementidir. Yəni ayrı-ayrı şəxsləri ora göndərirlər, Azərbaycanı bu vasitə ilə sıxırlar, sonradan müxtəlif siyasi və iqtisadi maraqlar meydana gətirilir. Bu həm də bizim üzərimizdə qurulmuş oyunun bir həlqəsidir. Onlar çalışırlar ki, bizi hərəkətə gətirsinlər və şərtlər müqabilində Azərbaycanın ərazi bütövlüyünə yanaşmalarını ortaya qoysunlar. Bu isə çox qüsurludur, mühüm dəyərləri olan bir quruma uyğun olmayan bir mövqedir. Azərbaycanın Qarabağ icmasının çox ağır məhrumiyyətlər yaşadığı bir dövrdə bunlar bu məsələni parlamentlərdə müzakirələr etmək, müxtəlif qərarlar vermək əvəzinə daha çox əks prosseslər həyata keçirir. Bu açıq şəkildə erməniləri himayə edərək Azərbaycanın üzərinə qısqırtmaqdan başqa bir şey deyil.
Millət vəkili Musa Qasımlı:
- Bir neçə deputatın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna və digər ərazilərinə səfəri qanunsuzdur, demokratiya, insan haqlarından, beynəlxalq hüququn aliliyndən danışanların onu inkar etməsidir. Bununla belə bir neçə deputatın mövqeyi həmin təşkilatların mövqeyi demək deyil. Ona görə də ilk növbədə Avropa Parlamentinin digər deputatları Avropa demokratiyasına, beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə kölgə salan, həmin deputatlara və hərəkətlərinə qiymət verməlidirlər.
Millət vəkili Fəzail İbrahimli:
- Avropa Parlamentinin beş deputatının və Belçikadan olan bir professorun Dağlıq Qarabağa səfəri beynəlxalq hüquqa zidd kimi qiymətləndirirəm. Bu məsələdə daha çox fəallıq göstərən Cənubi Kiprdən və Fransadan olan deputatların verdiyi bəyanatlar təbii ki, hüquq normalarına zidd bəyanatlardır. Ümumiyyətlə, Fransa Parlamentinin türk dünyasına qarşı münasibəti, mövqeyi açıq-aydın şəkildə görülür. Bunların hərəkətləri BMT-nin ərazi bütövlüyü haqqında qətnamələrinə zidd addımdır. Cənubi Kiprdən olan deputatın tərcümeyi halına baxdıqda görmək mümkündür ki, həmin deputat Azərbaycan əraziləri işğal olunan dövrdə Dağlıq Qarabağda həkim kimi fəaliyyət göstərib. Hal-hazırda da ermənilərə "biz sizə xidmət göstərməyə hazırıq" kimi ifadələri bir daha göstərir ki, erməni lobbisinə xidmət edən, onların pulu ilə yaşayan insanların düşüncələridir. Ona görə də Azərbaycan tərəfi bu məsələyə laqeyid qalmamalıdır. Parlamentin spikeri Oktay Əsədovun imzası ilə parlament tərəfindən Avropa Parlamentinə xüsusi müraciət göndərilib. Bu Azərbaycan tərəfinin atdığı addımlardır və fərdi şəkildə də millət vəkillərinin bu məsələyə münasibəti ifadə olunacaq, yekdil fikirlər söylənəcək. Güman edirəm ki, bu növbəti Avropa Parlamentinin ikili standartlardan çıxış etməsidir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB