Heydər Əliyevin xatirəsinə həsr olunan müsabiqə elan olundu

“Xaricdə Təhsil üzrə I Ümumrespublika IDP Kuboku” müsabiqəsini elan edir
Heydər Əliyevin xatirəsinə həsr olunan müsabiqə elan olundu

"IDP Azerbaijan" xaricdə təhsil təşkilatı müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan və 10 may 2013-cü il tarixində keçiriləcək "Xaricdə Təhsil üzrə I Ümumrespublika IDP Kuboku" müsabiqəsini elan edir. SİA-nın məlumatına görə, müsabiqənin məqsədi, müxtəlif proqramlar üzrə xaricdə təhsil imkanları barəsində gənclərin maarifləndirilməsi, eyni zamanda istedadlı və perspektivli gənclərin üzə çıxarılmasından ibarətdir. Müsabiqə Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir.

Müsabiqənin mükafat fondu dəyəri 10 000 AZN təşkil edir. Ümumilikdə 10 mükafatdan ibarət olacaq müsabiqənin 1 nəfər qalibi təşkilatçılar tərəfindən Böyük Britaniyaya İngilis dilinin təkmilləşdirilməsi kursuna göndəriləcək. Qalibin kurs ilə yanaşı, aviabilet, viza xərcləri də IDP Azerbaijan tərəfindən qarşılanacaq. Mükafatlar arasında GRBS-də İngilis dili kurslarında iştirak üçün vauçerlər, güzəştlər, IELTS testinə hazırlıq və rəsmi IELTS testində iştirak vauçerləri yer alıb. Bu mükafatlar ilə yanaşı müsabiqənin 10 qalibinə müxtəlif pul mükafatları da təqdim ediləcək.

Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 30 aprel 2013-cü il tarixində başlayaraq, 8 may 2013-cü il tarixində yekunlaşacaq. Bunun üçün online ərizə formasını, http://idp.az/app/, doldurmaq tələb olunur. 18 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak etmək üçün müraciət edə bilər.

Müsabiqə 10 may 2013-cü il tarixində Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44 ünvanında yerləşən "Caspian Plazanın" 7-ci mərtəbəsində, GRBS Beynəlxalq Tədris Mərkəzində keçiriləcək. İştirakçılar həmin günü elan olunacaq mövzu üzrə İngilis dilində inşa yazacaqlar. Yazılan inşalar İngilis dili üzrə ekspertlərdən təşkil olunmuş komissiya tərəfindən beynəlxalq IELTS testinin standartları ilə yoxlanılacaq və qaliblər 7 gün ərzində müəyyənləşəcək.

Qeyd edək ki, müsabiqənin 10 may 2013-cü il tarixində keçirilməsi təsadüfi deyil. Bildiyimiz kimi hər il Azərbaycan xalqı may ayının 10-u Heydər Əliyevin doğum gününü qeyd edir. Heydər Əliyev Azərbaycana həm sovet dövründə, həm də müstəqillik illərində rəhbərlik etdiyi dövrlərdə Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə böyük diqqət ayırıb. Belə ki, Ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra xaricdə təhsil prosesində, sözün əsl mənasında, dirçəlişin əsası qoyulub. 1969-1970-ci dərs ilində respublikadan kənara nəzərdə tutulan 60 nəfərdən 47 nəfəri təhsil almağa göndərilmişdirsə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olub və sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam etdirilib. 1970-ci ilədək respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil etdiyi halda, ulu öndərimiz Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində bu göstərici 1976-cı ildə 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə 97,6%-ə çatıb.

Məlumat üçün bildirək ki, IDP-nin Azərbaycan nümayəndəliyi ölkədə müasir təhsil xidmətləri bazarında öz xüsusi çəkisi ilə fərqlənən və öz fəaliyyəti ilə Azərbaycanda beynəlxalq təhsil sistemlərinin uğurlu tətbiqini əsas tutan GRBS Şirkətlər Qrupuna daxildir. 40 ildən artıq təcrübəyə malik, dünyanın ən nəhəng xaricdə təhsil qurumu və IELTS testinin sahiblərindən biri olan IDP təşkilatı 2011-ci ildən rəsmi françayz olunmuş partnyoru kimi IDP-nin Azərbaycan nümayəndəliyi ilə müqavilə imzalayıb. Bu müqavilə əsasında IDP-nin Azərbaycan nümayəndəliyi rəsmi IELTS testlərini təşkil edir, həmçinin Azərbaycan gənclərinin Böyük Britaniyaya, ABŞ-a, Kanadaya, Avstraliyaya və Yeni Zelandiyaya xaricdə təhsil məqsədləri üçün göndərilməsini həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə