ABŞ səfərinin ikinci günü Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Ceymstaun Fondunda (The Jamestown Foundation) "Azərbaycan, Gürcüstan, Türkiyə: inkişaf edən strateji ittifaqın əsaslari və çağırışları" mövzusunda konfrans keçirib. SAM-dan SİA-ya verilən məlumata görə, konfransı Ceymstaun Fondunun Prezidenti Qlen Hovard və SAM-ın direktor müavini Gülşən Paşayeva giriş nitqi ilə açıblar.
"Strateji ittifaqin məqsədləri və perspektivləri" mövzusuna həsr edilmiş birinci sessiyada XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "Azərbaycan-Gürcüstan-Türkiyə Əlaqələri: Regional İnteqrasiyaya dogru", ABŞ-Gürcüstan Biznes Şurasının Direktoru Mamuka Çereteli "Gürcüstan Perspektivi", "Turkish Policy Quarterly" jurnalının baş redaktoru Nigar Göksəl "Strateji tərəfdaşları ilə münasibətlərin yaxınlaşması: Türkiyənin Cənubi Qafqaz siyasətinin inkişaf perspektivləri" və "Qərb maraqlari və Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı" mövzusuna həsr edilmiş ikinci sessiyada Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor "Avropa Birliyi və Azərbaycan-Gürcüstan-Türkiyə Qaz Dəhlizi", SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov "Azərbaycan-Gürcüstan-Türkiyə Üçbucağı: Regional və Regionlararası inteqrasiyaya doğru", İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı "Azərbaycan Avrasiyanın Mərkəzində Nəqliyyat, Logistika və Ticarət Mərkəzi kimi", Xarici Siyasət Tədqiqat İnstitutunun Qara Dəniz/Avrasiya üzrə regional mütəxəssisi Michael Hikari Cecire "Üçtərəfli ittifaq: Avro-Atlantik Məqsədlərin həyata keçirilməsi üçün vasitə" mövzularında çıxışlar ediblər.
Eyni gündə Vudru Vilson Beynəlxalq Mərkəzində (Woodrow Wilson International Center) "Nabukko sonrası: Cənub Qaz Dəhlizi və Avropa Enerji Təhlükəsizliyində yeniliklər" mövzusunda konfrans keçirib. Konfransda SAM-ın direktoru Fərhad Məmmədov "Region və Cənub Dəhlizinə Strateji Baxış", millət vəkili Asim Mollazadə "Enerji sahəsindəki inkişaf, regional və beynəlxalq təsirlər", İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi aparıcı elmi işçisi Gülmira Rzayeva "TANAP/Şah Dəniz/Nabukko Qərb/TAP-da xüsusi yenilənmə" mövzularında çıxış ediblər.
Eyni zamanda SAM-ın direktor müavini Gülşən Paşayeva Çoxşaxəli Diplomatiya İnstitutnun (Institute for Multi-Track Diplomacy) prezidenti, keçmiş səfir Con Makdonald ilə görüşüb. Görüş zamanı G.Paşayeva Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin cari fəaliyyəti və eləcə də ötən illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində diplomatiyanın ikinci istiqaməti üzrə reallaşmış layihələr haqqında səfir Makdonaldı məlumatlandırıb. Çoxşaxəli Diplomatiya İnstitutunun prezidenti isə rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Tərəflər qarşılıqlı maraq kəsb edən məsələlər və eləcə də gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.
Daha sonra SAM-ın nümayəndə heyəti Heritage Fondunda Ariel Koen və Jim Robertslə görüş keçirib. SAM-ın direktor müavini Gülşən Paşayeva, şöbə müdiri Vüsal Qasımlı və aparıcı elmi işçisi Gülmira Rzayeva Azərbaycanın siyasi və iqtisadi inkişaf yolu, ölkədə aparılan institutsional islahatlar və ölkənin regionda oynadığı əhəmiyyətli rola diqqəti yönəldiblər. V.Qasımlı Azərbaycanın iqtisadi azadlıq indeksinin qiymətləndirilməsində daha ədalətli yanaşmanın lazım olduğunu vurğulayaraq öz arqumentlərini qarşı tərəfə təqdim edib. Görüşdə Peterson İnstitutu və SAM arasında elmi əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Daha iki mühazirə Corc Meyson Universitetinin Münaqişələrin Təhlili və Həlli Məktəbində baş tutub. SAM-ın direktor müavini Gülşən Paşayeva "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində diplomatiyanın ikinci istiqaməti" mövzusunda mühazirə ilə çıxış edib. Çoxşaxəli diplomatiyanın ən vacib resurslarından biri hesab edilən diplomatiyanın ikinci istiqaməti haqqında çıxış edən G.Paşayeva bu sahədə ötən illər ərzində həyata keçirilmiş fəaliyyəti qiymətləndirib və bu fəaliyyətin ümumilikdə sülh prosesinə təsiri haqqında öz fikirləri ilə bölüşüb.
SAM-ın Daxili siyasətin təhlili şöbəsinin baş elmi işçisi Rauf Qaragözov "Kədər düşmənləri birləşdirə bilərmi? Mətnlərin, yaddaşın, emosiyaların və sosial yönəlmələrin Qarabağ münaqişəsinə qarşılıqlı təsiri" mövzusunda mühazirə oxuyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB