Heydər Əliyev Fondu növbəti xeyriyyə aksiyasını Astarada keçirib FOTOLAR

Heydər Əliyev Fondu növbəti xeyriyyə aksiyasını Astarada keçirib FOTOLAR

Aprelin 30-da Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsində növbəti xeyriyyə aksiyası Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilib. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ikigünlük aksiya zamanı Azərbaycan Ürək və Sağlamlıq Asssosiasiyasının sədri Rəşad Mahmudovun rəhbərliyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının 25 nəfərdən ibarət həkim və mütəxəssis heyəti tərəfindən 200 nəfərə yaxın xəstə müayinə və müalicə edilib

Müayinə zamanı anadangəlmə ürək qüsurları aşkar edilən 8 nəfər uşaqın Mərkəzi Neftçilər Xəstəxanasında aməliyyat olunması tovsiyə olunub.

Astara Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Ürək və Sağlamlıq Asssosiasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" mövzusunda VII regional elmi-praktik konfrans keçirilib.

Rəşad Mahmudov çıxışı zamanı bildirib ki, Ürək-damar xəstəliklərinin geniş yayıldığı bir vaxtda biz həkimlərin üzərinə mühüm vəzifələr düşür. Ürəyi xəstə olan, bu xəstəlikdən əziyyət çəkən insanların çoxunun Bakıdakı xəstəxanalara, o cümlədən Mərkəzi Neftçilər Xəstəxanasına gəlib müayinədən keçməyə və müalicə almağa imkanları olmur. Bu nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Respublika Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə aprelin 25-dən mayın 2-dək cənub bölgəsində növbəti aksiya keçirməyə başlamışıq. Əvvəlcə Lənkəranda Müalicə Diaqnostika Mərkəzində aksiyanı keçirdik. Burada Mərkəzi Neftçilər Xəstəxanasının həkim heyəti tərəfindən 6 nəfər üzərində cərrahiyyə əməliyyatı apardıq və Lənkəran Qarışıq tipli Uşaq evində olan uşaqların ürək müayinələrini keçirtdik. Əməliyyat olunanların 5-i körpələr idi. Aprelin 29-dan isə aksiyanı Astara rayon Mərkəzi Xəstəxanasında davam etdiririk. İlk olaraq bölgə həkimlərinə ürək-damar xəstəliklərinin aktual problemləri mövzusunda məruzələr etdik, həkimləri maraqlandıran suallar cavablandırıldı.

Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonunun tibb müəssisələrində çalışan kardioloqların, cərrahların və terapevtlərin iştirak etdiyi konfransada Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşad Mahmudovun "Abdominal aorta xəstəlikərinin müayinə və müalicəsinə ümumi baxış" və "Ürəyin işemik xəstəliyinə ümumi baxış", həkim-cərrahlar Vüsal Məmmədov "Səyirici aritmiya", Seymur Musayev "Asianotik anadangəlmə ürək qüsurları" mövzularında məruzələr dinlənilib.

Konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə