“Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” FOTOLAR

Lənkəranda Ümummilli Liderin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
“Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” FOTOLAR

Aprelin 30-da İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda konfrans keçirilib. SİA-nın Cənub berosunun verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderimiz Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Sonra öz işinə başlayan konfransda müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu gün ölkəmizin qazandığı hər bir uğurun təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyasının dayandığını vurğulayıb. Bildirib ki, Ulu Öndərin siyasi təcrübəsi, biliyi, cəsarəti və xalqımızın müdrikliyi nəticəsində qısa müddətdə ölkəmiz çətin sınaqlardan keçərək dinamik inkişaf yoluna qədəm qoyub.

İcra başçısı qeyd edib ki, 1969-1982-ci illər Lənkəranın qızıl dövrü adlandırılır. Həmin dövrdə Lənkərandan keçmiş İttifaqın mindən çox şəhərinə sənaye və kənd təsərrüfatı məhsulları göndərilirdi. Həmin dövrdə Lənkəranda sənaye, mədəniyyət, məişət müəssisələri, mikrorayon, hava limanı, Xanbulançay dəryaçası tikilib istifadəyə verilib. Ümummilli Liderin ideyaları, siyasi kursu bu gün də uğurla davam etdirilir. Taleh Qaraşov həmçinin cənab İlham Əliyevin keçən il Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar imzaladığı 4 Sərəncamdan irəli gələn vəzifələrin icrasından, şəhərimizdə, rayonun qəsəbə və kəndlərində aparılan genişmiqyaslı tikinti, quruculuq işlərindən danışıb.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafı istiqamətində gördüyü işlər barədə geniş məlumat verib. Qeyd edib ki, Ümummilli Liderin xalqın təkid və xahişi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik bərqərar olub, iqtisadi tənəzzülün qarşısı alınıb, irimiqyaslı iqtisadi islahatlara başlanıb. 1994-cü ildə dünyanın aparıcı transmilli neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalanmış və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyulub. Görülən genişmiqyaslı işlərin nəticəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artıb, inflyasiyanın səviyyəsi 6 faizə qədər endirilib.

Bu gün Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter alıb, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilib.

Mövzu ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı", İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı", Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov "Heydər Əliyev və Azərbaycanda insan kapitalının inkişafı", İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rofət Hüseynəliyev "Heydər Əliyevin iqtisadi inkişaf strategiyası" mövzusunda məruzələrlə, o cümlədən Masallı rayonundan sahibkar Fəxrəddin Baxışov çıxış ediblər.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə