Bakıda keçiriləcək, Bakı 2015 Avropa Olimpiya Oyunları 12-28 iyun tarixlərində baş tutacaq. SİA-nın verdiyi xəbərə görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov bu gün keçirilən Bakı 2015 Avropa Oyunlarının Avropa Olimpiya Komitəsi (AOK) Koordinasiya Komissiyasının 1-ci görüşünün sona çatması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, ümumilikdə yarışlar 19 idman növü üzrə keçiriləcək: "Yarışlarda 6351 nəfər idmançı iştirak edəcək. Dünən Bakıda olan idman qurğuları nümayiş olundu, komissiyanın nümayəndələri müxtəlif idman obyektlərində oldular. Olimpiya kəndində artıq bir mənzil hazırdır və nümayəndələr bu mənzili çox bəyəndi. Komissiyanın görüşündə əsasən loqo və veb saytın hazırlanması ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda açılış və bağlanış mərasimi, medalların təqdimatı irəli ilə bağlı təkliflər verilib".
Nazir qeyd edib ki, hazırda müzakirələr davam etdirilir: "Biz bu oyunları yüksək səviyyədə keçirə bilərik, biz buna inanırıq və çalışacağıq ki, Avropada ən yüksək idman tədbirinə ev sahibliyi edək".
A.Rəhimov həmçinin qeyd edib ki, Bakı əməliyyat şirkəti yaradılıb və hazırda Olimpiya kəndində fəaliyyətə başlayıb. Xaricdən də mütəxəssislər cəlb olunub ki, bu da gələcəkdə daha böyük yarışların keçirilməsi üçün təcrübə qazanmağa imkan verəcək.
Mətbuat konfransında iştirak edən Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikke isə bildirib ki, Bakıda Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb: "Dünən çox məhsuldar bir gün oldu. Bakıda gördüyümüz irəliləyişə çox şad olduq. Ölkənin Prezidenti və birinci xanımının bu işə verdiyi önəm bizi sevindirdi. Biz obyektlərin tikintisinə baxdıq, Olimpiya kəndinə baxış keçirdik. Çox möhtəşəm şərait yaradılıb, oyunların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bir sıra işlər artıq görülüb. Biz Azərbaycanda tikilən obyektlərdən çox razı qaldıq, onlar Olimpiya kəndinə yaxındırlar, nəqliyyat problemi yoxdur, yeni tikilən obytektlər vaxtında və yüksək səviyyədə başa çatdırılacaq. Cədvəl üzrə hərəkət edirik, yubanma yoxdur və inanırıq ki, hər şey vaxtında başa çatdırılacaq.
P. Hikke vurğulayıb ki, Avropa Olimpiya Komitəsinə üzv olan 49 ölkənin hər biri yarışda iştirak edəcək: "İnanmıram ki, hansısa bir ölkə hansısa səbəbdən iştirak etməsin. Bu yarışın yüksək səviyyədə keçirilməsi Bakı üçün böyük bir fürsətdir. Əgər uğurla keçirilsə, bu, Bakı üçün müsbət bir səhifə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB