Ramiz Mehdiyev İranda Dağlıq Qarabağı müzakirə edib

Ramiz Mehdiyev İranda Dağlıq Qarabağı müzakirə edib

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İran İslami Şura Məclisinin sədri Əli Laricani ilə görüşüb. Mehr agentliyinin verdiyi məlumata görə, görüşdə Ə.Laricani İranın Qarabağ münaqişəsinin aradan qaldırılmasına köməkçi olmağa hazır olduğunu ifadə edib. Tehranda reallaşan görüşdə Əli Laricani, iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişafının lazım olduğunu, İslami Şura Məclisi isə bu istiqamətdə hər növ dəstək verməyə hazır olduğunu dilə gətirib.

Region ölkələri öz problemlərini əməkdaşlıq edərək həll edə biləcək vəziyyətdə olduqlarını söyləyən Laricani, İranın Qarabağ böhranının aradan qaldırılmasına köməkçi olmağa hazır olduğunu ifadə edib.

Ramiz Mehdiyev isə bu görüşdə İran və Azərbaycan arasındakı qədim tarixi və mədəniyyət əlaqələrinin olduğunu bildirərək, bəzi xarici ölkələrin iki ölkənin dostluq münasibətlərinə zərər vermək niyyətində olduqlarını söyləyib.

R.Mehdiyev Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişəni aradan qaldırmaq üçün göstərdiyi cəhdlərə görə İran İslam Respublikasına təşəkkür edib.

Görüşdə Ə.Laricani bildirib ki, İran daima Azərbaycanın sabitliyi, suverenliyi və müstəqilliyinin mühafizəsini, bu ölkə xalqının səadət və tərəqqisini arzulayır. Spiker Azərbaycanla İran arasındakı tarixi və mədəni bağlılıqlara da toxunub: "Biz Azərbaycan xalqı ilə dostluqda möhkəmik. İran qarşılıqlı hörmət və ortaq mənafe çərçivəsində iki ölkə arasında əlaqələr və əməkdaşlığın daha da genişləndirilməsini dəstəkləyir. Region ölkələri öz problemlərini bir-biriləri ilə yaxından əməkdaşlıq yolu ilə həll etməyə tamamilə qadirdir. Bu baxımdan İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazır olduğunu bir daha vurğulayır".

R. Mehdiyev isə öz növbəsində səfərdən razı qaldığını bildirərək, İranı Azərbaycanın dostu və qardaşı adlandırıb: "Azərbaycan və İran xalqlarını dərin tarixi köklər bir-birinə bağlayır və Azərbaycanın tarixini İranın ümumi tarixinin önəmli bir hissəsi hesab etmək olar. Tarixi, mədəni, dini və coğrafi ortaqlıqlar, böyük potensiallar və mənafelər qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə əlverişli zəmin yaradıb və bundan da faydalanmaq lazımdır". Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, iki müsəlman ölkənin dinc qonşuluq münasibətlərinə, dostluq əlaqələrinə xələl vurmaq istəyən xarici qüvvələr var: "Onları kənarlaşdırmaq və iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirməyi düşünmək lazımdır".

Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev aprelin 29-da İrana səfər edib. O, səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və prezident Mahmud Əhmədinejadla da görüşüb. Səfər S. Cəlilinin dəvəti ilə gerçəkləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə