DSX-nın Sahil Mühafizəsində “Valideyn günü” keçirilib

DSX-nın Sahil Mühafizəsində “Valideyn günü” keçirilib

Aprelin 28-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində matrosların, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Valideyn günü" keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə çay süfrəsi arxasında valideynlərə sahil mühafizəsinin yüksək səviyyədə təşkili ilə bağlı məlumat verilib.

Valideynlər Sahil Mühafizəsinin bazası və sərhəd gözətçi gəmisi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra Vətənimizin sərhədlərinin mühafizəsinin mükəmməlləşdirilməsi, DSX-nin maddi texniki bazasının möhkəmləndirilməsi, döyüş hazırlığının gücləndirilməsi, sərhədçilər üçün müasir xidmət və məişət şəraitinin yaradılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması üçün mütəmadi olaraq mədəni-kütləvi tədbirlər keçirilir. Bu proseslərdə valideynlərin rolu çox önəmlidir. Məhz buna görə də hərbi qulluqçuların valideynləri ilə sıx əlaqələrin yaradılmasına böyük əhəmiyyət verilir. Hərbi hissələrdə və sərhəd zastavalarında keçirilən və artıq ənənə halını almış "Valideyn günləri" hərbi hissə-valideyn əlaqələrinin gücləndirilməsində mühüm rola malikdir.

Tədbirdə çıxış edən Sahil Mühafizə rəisinin şəxsi heyət üzrə müavini polkovnik-leytenant Elnur Həbibov Vətənimizin sərhədlərinin mühafizəsinə hər zaman xüsusi dövlət qayğısının olduğunu qeyd edib, milli sərhəd siyasətinin yaradılması, sərhəd mühafizəsinin formalaşması, dövlət sərhədlərinin mühafizəsi sisteminin təşəkkülü, dəniz sərhədlərinin etbarlı qorunması istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı tədbirlərdən danışıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Xəzər dənizində güclü sərhəd mühafizəsi infrastrukturu yaradılmış və DSX Sahil Mühafizəsinin Xəzər dənizinin Azərbaycana mənsub hissəsində dövlət maraqlarının müdafiəsini və sərhədlərin toxunulmazlığını yüksək səviyyədə təmin etməyə qadir hərbi birləşmə formalaşmışdır.

Sonra xidmətdə fərqlənmiş hərbi qulluqçulara döş nişanları, fəxri fərmanlar təqdim edilib.

Tədbir Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" vokal instrumental ansamblının hazırladığı konsert proqramı ilə davam etdirilib.

Valideynlər şəxsi heyətlə birgə nahar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə