Beynəlxalq velosiped turu ilə əlaqədar hansı yollar bağlanacaq?

Beynəlxalq velosiped turu ilə əlaqədar hansı yollar bağlanacaq?

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi mayın 1-dən 5-dək Azərbaycanda velosiped turunun keçirilməsi ilə əlaqədar əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, 24 ölkədən 25 komandanın iştirak etdiyi 5 mərhələ üzrə velosiped turunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə adı qeyd olunan küçələr istiqamətində yarışların keçirildiyi zaman avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamət dəyişdiriləcək. Bu barədə SİA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, mayın 1-də velosiped turunun 1-ci mərhələsi paytaxtın Heydər Əliyev Mərkəzindən Heydər Əliyev prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində və geriyə 11 dəfə dövrə vurmaqla başa çatacaq. 2-ci mərhələnin mayın 2-də Bakı - Qobustan - Şamaxı - İsmayıllı marşrutu, 3-cü və 4-cü mərhələlərin isə (müvafiq olaraq, mayın 3-4-də) bölgələr üzrə keçirilməsi nəzərdə tutulur.

O qeyd edib ki, 5-ci mərhələ isə paytaxtın mərkəzi küçələri - Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Hüseyn Cavid prospekti, Bakıxanov küçəsi, Səməd Vurğun küç, Füzuli küçəsi, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, Puşkin küçəsi marşrutu üzrə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.

Bakı şəhər yol polisi sıxlığın, yol-nəqliyyat hadisələrinin yaranmaması üçün şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir və ya ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsini xahiş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə