Dahi şəxsiyyət Heydər Əliyevin arzu və istəklərinin, tövsiyələrinin, müdrik siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində gündən-günə inkişaf edən, müasirləşən və gözəlləşən doğma Gəncəmizdə Ulu öndərin anadan olmasının 90-cı ildönümü münasibəti ilə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər Təşkilatı tərəfindən müəyyənləşdirilmiş tədbirlər şəhərimizin həyatında bayram əhval-ruhiyyəsi, mütəşəkillik və coşqu ilə müşayiət olunur. SİA-nın məlumatına görə, aprel ayının ilk günlərindən başlayaraq, startı verilən yubiley tədbirləri mahiyyətcə zənginliyi və möhtəşəmliyi ilə diqqət çəkir.
Aprel ayının 25-də YAP Gəncə şəhər Təşkilatının təşəbbüsü ilə ali və orta ixtisas təhsil müəssisələrinin YAP üzvü olan gəncləri arasında "Heydər Əliyev irsini öyrənirik" devizi ilə "Bilik yarışı"nın ilk mərhələsi keçirildi. 3 mərhələdən ibarət olan və hər komandada 5 nəfərin yarışdığı bu yarışlarda gənclərin intellektual səviyyəsinə, onların geniş dünyagörüşünə və fəallığına xüsusi önəm verildi. A qrupu üzrə 4 komanda – AzTU ilə Tibb Kollecinin komandası görüşərək 2:1 hesabı ilə, AzMİ Musiqi Kolleci ilə yarışaraq 1:0 hesabı ilə qalib gəldi. AzTU və AzMİ komandaları yarımfinala vəsiqə qazandılar.
Aprel ayının 26-da B qrupunda iki görüş keçirildi. Humanitar Kollec Texniki Kollecin komandası ilə görüşdü və 2:1 hesabı ilə, ADAU ilə GDU komandası yarışaraq 3:2 hesabı ilə qələbə caldı. ADAU- nun və Humanitar Kollecin komandaları yarımfinala vəsıqə qazandılar. Yarımfinalda ADAU, AzMİ, AzTU və Humanitar Kollecin komandaları görüşdülər. Bu yarışlarda Humanitar Kollecin komandası ADAU-nun komandasına 2:1 hesabı ilə, AzTU-nun komandası AzMİ-nin komandasına 1:0 hesabı ilə qalib gələrək finalda qarşılaşmalı oldular. Verilən suallar əsas etibarı ilə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrləri, xüsusilə müstəqil Azərbaycan dövlətinin əbədiliyinə, dönməzliyinə və sarsılmazlığına təminat yaratma strategiyasını, onun müdrik prezidentlik fəaliyyətini, ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətinin başlıca istiqamətlərini, YAP-ın cəmiyyətdə mövqeyini, Heydər Əliyev Fondunun fəaliyyətini, Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını, ərazi bütövlüyümüzün qorunmasını, milli-mənəvi dəyərlərimizi, Gəncə şəhərinin qədim tarixini və indiki tərəqqi dövrünü əhatə edirdi. Gənclər onlara verilən sualları konkret, maraqlı faktlar əsasında cavablandırmağa çalışdılar və yüksək intellektual səviyyə, geniş dünyagörüşü, hərtərəfli bilik nümayiş etdirdilər.
"Bilik yarışı" nın final mərhələsi 29 aprel tarixdə YAP Gəncə şəhər Təşkilatının Qərargahında keçirildi. Gərgin keçən və son dərəcə maraqlı yarışlarda AzTU-nun komandası ilə yarışan Humanitar Kollecin komandası 3:2 hesabı ilə qalib gələrək birinçi yerin sahibi oldu.
Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, YAP Gəncə şəhər Təşkilatının İdarə Heyəti və Şura üzvləri, Ağsaqqallar Şurasının və Qadınlar Şurasının üzvləri, ali məktəblərin prorektorları, tələbə-gənclər iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Bilik yarışı"nı yekunlaşdıran YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin və şəhər Təşkilatı İdarə Heyətinin adından yarışın qalibini, o cümlədən bütün iştirakçılarını belə dəyərli, məzmunlu tədbirlərdə fəal iştirak etdiklərinə görə təbrik etdi. Bu tədbirlərin hamı üçün çox vacib olduğunu bildirdi. Qeyd etdi ki, gənclər Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına səylə yiyələndiklərini, onun siyasi kursuna sadiq olduqlarını bir daha nümayiş etdirdilər. Yarışlar bir daha təsdiqlədi ki, gənclərimiz yüksək fəallığa, siyasi biliyə və yüksək mədəniyyətə malikdirlər. Onların bu cür möhtəşəm tədbirlərdə iştirak etmək və uğur qazanmaq qabiliyyətləri var.
Şəhər Təşkilatının sədri vurğuladı ki, ulu öndərin ideyaları, qurub-yaratdıqları, siyasət, iqtisadiyyat, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlar, möhtəşəm layihələr xalqımızın rifahına, işıqlı gələcəyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşı Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursunu səylə öyrənməli, geniş təbliğ etməli və gələcək nəsillərə çatdırmalıdır.
Sonda ənənəvi olaraq, "Bilik yarışı"nın qalibi olan komandaya Ulu öndərin anadan olmasının 89-cu ildönümü münasibəti ilə keçirilən "Bilik yarışı"nın qalibi olmuş GDU-nun komandası yarışın Keçici Bayrağını Humanitar Kollecin komandasına təqdim etdi. Bu mərasim oyunçular və iştirakçılar tərəfindən hərarətlə qarşılandı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB