Vyanada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib
Aprelin 27-də Vyana şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev" kuboku adlı mini-futbol turniri keçirilib.
Turnir Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Vyanada təhsil alan azərbaycanlı gəncləri özündə birləşdirən Azərbaycan Akademik Birliyi və Londonda fəaliyyət göstərən Odlar Yurdu təşkilatları tərəfindən təşkil olunub.
Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən burada təhsil alan gənclər, Avstriyada yaşayan soydaşlarımız, idmansevərlər iştirak edib.
Yarışda Azərbaycan, Avstriya, Türkiyə, Almaniya, Bosniya və Hersoqovina, Qazaxıstan, Qırğızıstan və Gürcüstan gənclərindən ibarət 8 komanda mübarizə aparıb. Gərgin keçən oyunlardan sonra gürcüstanlı gənclərdən ibarət komanda 2012-ci ildəki nailiyyətini təkrarlayaraq, turnirin finalında Türkiyə komandası üzərində qələbə qazanmış və "Heydər Əliyev" kubokunu əldə ediblər.
Sonda qalib komandanın oyunçularına medal və hədiyyələr təqdim olunub, yarışın ən yaxşı oyunçusu, ən yaxşı qapıçısı və ən çox qol vuran oyunçusu da müəyyən edilərək mükafata layiq görülüblər.
Xatırladaq ki, Avstriyada baş tutmuş bu turnir ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Heydər Əliyev Kuboku" çərçivəsində keçirilir. Bu turnirin ilkin mərhələsində 8 ölkədə - Avstriya, Almaniya, Böyük Britaniya, Çexiya, Litva, Rumıniya, Rusiya və Ukraynada qaliblər müəyyənləşdirilməkdədir. Hər bir ölkədə turnirin milli seçim mərhələsinin qalibləri bu il may ayının ikinci ongünlüyündə Bakıda "Böyük final"da qarşılaşacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB