Strasburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi təntənəli qeyd olunub

Strasburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi təntənəli qeyd olunub

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Strasburqda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində təşkil edilən tədbirdə Şuranın rəsmiləri, qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvləri, habelə ayrı-ayrı üzv dövlətlərin nümayəndə heyətlərinin təmsilçiləri, Fransa parlamentinin deputatları, AŞ yanında və Strasburqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, Strasburqdakı akademik dairələrin, eləcə də Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi səfir Emin Eyyubov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu kimi böyük xidmətlər göstərdiyini vurğulayan səfir bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında məhz Heydər Əliyevin siyasi xəttinə uyğun olaraq sürətlə inkişaf edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizi böyük çətinliklər və zəhmətlə ağır vəziyyətdən çıxardığını, demək olar ki, onun hakimiyyətinin hər günü, ayı və ilində ölkəmiz üçün tarixi əhəmiyyətli hadisələrin baş verdiyini vurğulayıb. Təbii ki, Azərbaycanın Avropaya, onun müxtəlif strukturlarına, o cümlədən Avropa Şurasına inteqrasiyası da Heydər Əliyevin adı ilə bağlıdır. Əlbəttə, 2001-ci ildə ölkəmizin Avropa Şurasına üzvlüyə qəbul edildiyi tarix isə həm Azərbaycan, həm də Avropa Şurası üçün əlamətdar hadisə olub. O gün xalqımızın dahi öndəri Heydər Əliyev Azərbaycanın üçrəngli bayrağını Avropa Şurasının iqamətgahı önündə qaldırıb.

Venesiya Komissiyasının sədri Cianni Bukikio Heydər Əliyevin müdrik və güclü şəxsiyyət olduğunu qeyd edib. O, Azərbaycanın Avropa Şurasının üzvü olmasını arzulayırdı. Məhz onun sayəsində ölkənin iqtisadiyyatındakı inkişaf vüsət aldı, xalqın rifah halı yaxşılaşdı. Mən onu hər zaman ehtiramla yada salıram.

Rusiya Dövlət Dumasının beynəlxalq münasibətlər komitəsinin sədri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov Heydər Əliyev şəxsiyyətinə onun ölkəsində də böyük rəğbətlə yanaşıldığını, hələ Sovet İttifaqı zamanı bu dahi şəxsiyyətin SSRİ rəhbərlərindən biri kimi böyük nüfuza və siyasi çəkiyə malik dövlət xadimi kimi tanındığını vurğulayıb.

AŞPA-dakı Türkiyə nümayəndə heyətinin üzvü Pelin Gündəş Bakır çıxışında böyük dövlət xadimi Heydər Əliyevin bütün türk dünyasında, o cümlədən Türkiyədə sevildiyini, bu dahi liderin şəxsiyyətinə xüsusi hörmətlə yanaşıldığını dedi. Azərbaycan ilə Türkiyənin "Bir millət, iki dövlət" olduğunu bildirən türkiyəli deputat bu kəlamın müəllifinin Heydər Əliyev olduğunu qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu vurğulayıb və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ərsəyə gəlməsində Heydər Əliyevin əməyini diqqətə çatdırıb.

Heydər Əliyevin Avropada böyük dövlət xadimi kimi tanındığını qeyd edən Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni məhz onun hakimiyyəti dövründə Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasını Ulu Öndərin səylərinin nəticəsi kimi qiymətləndirib. AŞ rəsmisi onu da bildirmişdir ki, yaxın zamanlarda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. Bu, Azərbaycanın Avropa dəyərlərinə sadiqliyinin göstəricisidir.

Türkiyənin AŞ yanındakı daimi nümayəndəsi, səfir Engin Soysal çıxış edərək ulu öndər Heydər Əliyevin söylədiyi "Bir millət, iki dövlət" kəlamının iki ölkənin bir-birinə nə qədər qırılmaz tellərlə bağlı olduqlarını göstərdiyini demişdir. Səfir Türkiyə və Azərbaycan diplomatlarının bütün platformalarda çox sıx əməkdaşlıq etdiklərini bildirib.

Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş tədbirdə dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, onun həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib, beynəlxalq müsabiqələr laureatı, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov isə pianoda Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə