Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev giriş sözü ilə çıxış edib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Dövlətçiliyinin elə bir zirvəsidir ki, bu zirvə xalqımızın inkişaf və tərəqqiyə gedən inkişaf yolunu daima nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır. General həmçinin qeyd edib ki, Ümummilli lider dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
DSX Akademiyasının rəisi general-mayor Araz Məmmədov, millət vəkilləri Eldar İbrahimov və Yaqub Mahmudov, AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov, Bakı şəhər Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov çıxış edərək Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən danışıblar. Eyni zamanda milli sərhəd siyasətimizin banisi olan Ümummilli liderin müstəqil Azərbaycanda sərhəd qoşunlarının formalaşdırılmasında və sərhəd mühafizəsinin yaradılması prosesindəki misilsiz xidmətləri, milli hərbiçi kadrların, xüsusən də sərhədçi zabitlərin yetişdirilməsinə göstərdiyi diqqət və qayğı minnətdarlıq hissilə vurğulanıb.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sərhədçi kadrların yetişdirilməsinə böyük qayğı göstərərək 12 iyul 2007-ci il tarixində Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barəsində sərəncam imzalayıb.
Vətənimizin sərhədlərinin mühafizəsində mühüm rol oynayan bu tarixi sərəncama əsasən, müasir tələblərə cavab verən təhsil kompleksi yaradıldı. 2012-ci ilin iyul ayında Akademiya məzunlarının ilk buraxılışı oldu.
Qeyd edək ki, sonda tədbir rejissor V. Mustafayevin Heydər Əliyevə həsr etdiyi "Tale" adlı sənədli filminin nümayiş olunması ilə başa çatıb.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB