“Qaranlığa nur saçan zəka”

Aprelin 26-da Lənkəran Tibb Kollecində də Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə Tibb Kollecinin tələbə və müəllim heyəti, Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı MRX-nın orta tibb işçiləri, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru, dosent İqbal Əmənullayev açıb. Sonra Lənkəran Tibb Kolleci tələbələrinin Z.Əliyevanın həyat yolu haqqında hazırladığı videoçarx nümayiş olunub.

Daha sonra kollecin müəllimi Günay Səfərovanın görkəmli oftalmoloq, Akademik Zərifə Əliyevanın həyat və tibb sahəsindəki fəaliyyətinə həsr olunmuş "Qaranlığa nur saçan zəka" adlı məruzəsi dinlənilib.Tədbirdə həmçinin Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Günel Əliyevanın, tələbələrdən Lalə Rzayevanın, Çimnaz İsmayılovanın və Könül Qaraşlının görkəmli alim haqqınd a çıxışları səslənib.

Tədbiri Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli yekunlaşdıraraq, Azərbaycan oftalmologiyasının inkişafında Akademik Zərifə Əliyevanın müstəsna xidmətlərini bir daha diqqətə çatdırıb, onun təkcə bacarıqlı həkim kimi deyil, həm də xeyirxah və humanist ziyalı kimi də işıqlı xatirəsinin insanların qəlbində əbədi yaşayacağını qeyd edib.

Tədbirin sonunda Kollecdə keçirilən oftalmoloq alim Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş "Qaranlığa nur saçan zəka" adlı fənn olimpiadasının qaliblərinə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə