“Xətdə” sosial şəbəkə təlimləri davam edir

“Xətdə” sosial şəbəkə təlimləri davam edir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan "Xətdə" Sosial Şəbəkə Akademiyası çərçivəsində Bakı, Ağstafa, Qazax, Qəbələ, Gəncə, Şəki şəhərləri, Masallı, Bərdə, Xaçmaz və Cəlilabad rayonlarında "Xətdə" sosial şəbəkə təlimləri keçirilib. SİA-ya verilən məlumata görə, təlimlər müvafiq olaraq İcra Hakimiyyətləri, Gənclər və İdman İdarələrinin dəstəyi ilə həyata keçirilib. Təlimlərdə sözü gedən rayonun müxtəlif təhsil müəsisələrindən 200-ə yaxın fəal gənc iştirak edib.

Təlim zamanı gənclərə "Xətdə" sosial şəbəkə akademiyasının təqdimatı keçirilib, akademiyanın məqsədi onun fəaliyyəti barəsində məlumat verilib. Daha sonra təlim iştirakçıları "sosial şəbəkələrin yaranması, mahiyyəti və fəlsəfəsi", "sosial şəbəklərdən düzgün istifadə alətləri", "sosial şəbəkələr vasitəsi ilə biznesin inkişafı və PR" və başqa mövzularda praktiki biliklərə yiyələnmək imkanı əldə ediblər. Təlim zamanı dünyanın ən böyük sosial şəbəkələri "facebook", "twitter", eləcə də "youtube"-dan istifadə və bloqçuluğa geniş yer ayrılıb.

Məlumat üçün qeyd edək ki, "Xətdə" Sosial Şəbəkə Akademiyası çərçivəsində 2013-cü ilin aprel-may aylarında Azərbaycanın 40-dan çox şəhər və rayonunda 5000-ə yaxın gəncin iştirakı ilə analoji təlimlərin keçirilməsi planlaşdırılır. Bugünə qədər Akademiya çərçivəsində Respublikanın 9 bölgəsində 400-ə yaxın gəncin iştirakı ilə təlimlər təşkil olunmuşdur.

Qeyd edək ki, Akademiyanın məqsədi region gənclərinin şəbəkələşməsi, gənclərin İT sahəsinə marağının artırılması, Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması və sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə