Azərbaycan kinosu günlərinin iştirakçıları yerli əhali ilə görüşüblər

Azərbaycan kinosu günlərinin iştirakçıları yerli əhali ilə görüşüblər

Gürcüstanda Azərbaycan kinosu günləri keçirilmişdir. Tədbirin son günü-aprelin 26-da Azərbaycan nümayəndə heyətinin üzvləri azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində, Marneuli və Qardabani rayon mərkəzlərində yerli əhali ilə görüşüblər.

Marneulidə Yavər Rzayevin "İlahi məxluq", Qardabanidə isə Şamil Nəcəfzadənin "Qala" filmi nümayiş etdirilib.

Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan kinosu günləri çərçivəsində nümayəndə heyəti üzvlərinin soydaşlarla görüşündən böyük məmnunluq duyduğunu vurğulayıb, gürcüstanlı azərbaycanlıların Azərbaycan kinosuna böyük marağının şahidi olduğunu qeyd edib.

Qardabani Rayon İcra Hakimiyyətinin yeni başçısı Gela Xutsişvili Gürcüstanda Azərbaycan filmlərinə böyük maraq olduğunu bildirib və qonaqların Qardabanidə belə bir görüşdə iştirakını yüksək qiymətləndirib.

O, qonaqlarla Azərbaycan dilində danışa bilməməsindən təəssüfləndiyini deyib, gələn görüşlərədək Azərbaycan dilini öyrənəcəyinə söz verib.

Qonaqlar bütün görüşlərdə çox səmimi qarşılanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə