Bu gün Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qurumun sədri Bəhram Xəlilov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Alixan Baymenovla görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı Komissiyanın sədri bildirib ki, iki dövlət arasında bütün sahələr üzrə, o cümlədən də dövlət qulluğu sahəsində əlaqələr yüksək templə inkişaf edir.
O, Azərbaycanda dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq prinsipləri əsasında həyata keçirildiyini, dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluqçularının reyestrinin aparılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı qonaqlara geniş məlumat verib.
Dövlət qulluğu ilə bağlı həyata keçirilən islahatlar, qarşıda duran məqsəd və vəzifələrdən bəhs edən B. Xəlilov qeyd edib ki, ölkəmizdə yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi və onların dövlət qulluğuna cəlb edilməsi məqsədilə bir sıra işlər həyata keçirilir.
Sonra Qazaxıstanın dövlət qulluğu sahəsində böyük təcrübəyə malik olduğunu bildirən Komissiya sədri bu sahədə iki dövlət orqanı arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib.
Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Alixan Baymenov Komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayaraq vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini yüksək qiymətləndirib, eyni zamanda, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Görüşdən məmnunluğunu ifadə edən qonaq Komissiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirib.
Görüş zamanı həmçinin, anlaşma memorandumunun imzalanması ilə əlaqədar müzakirələr aparılıb. Tərəflər onu da vurğulayıblar ki, imzalanacaq memorandum hər iki ölkənin müvafiq qurumlarının əmkdaşları arasında təcrübə mübadiləsinin aparılmasına, müxtəlif tədbirlərin keçirilməsinə geniş imkan yaradacaq.
Görüşdən sonra Komissiyanın əməkdaşları qonaqlar üçün "Azərbaycanda dövlət qulluğuna e-qəbul sistemi", "Azərbaycanda dövlət qulluğu və dövlət idarəçiliyi sistemləri" mövzularında təqdimatlar ediblər.
Sonra qonaq Azərbaycanda yeni yaranan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün Agentlikdə və 1 saylı ASAN xidmət mərkəzində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB