"AHİK-in müəssisələrində ölüm hallarının sayı azalıb"

"AHİK-in müəssisələrində ölüm hallarının sayı azalıb"

"2012-ci ildə 2011-ci illə müqayisədə həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı müvafiq olaraq 34,2 % və 36,8 % azalıb (79 nəfər xəsarət alana qarşı 52 nəfər, 38 həlak olana qarşı 24 nəfər). Həmin dövr ərzində analoji azalma respublika üzrə də müşahidə olunub". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bugünkü tədbirində çıxışı zamanı qurumun sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, son 5 il ərzində 24 sahə və 1 ərazi həmkarlar ittifaqı orqanının texniki əmək müfəttişləri tərəfindən müəssisə və təşkilatlarda əməyin mühafizəsi sahəsində 3200-dən çox yoxlama aparılıb: "Həmin yoxlamaların 100-ə qədəri dövlət nəzarət orqanları ilə birgə aparılıb. Aparılan yoxlamalarda 14,1 min pozuntu halları müəyyən edilib. Əməyin mühafizəsinə dair pozuntular barədə işəgötürənlərə 2220 təqdimat verilib. Aşkar olunan çatışmazlıqların 85 %-i müəyyən olunan müddətlərdə aradan qaldırılıb. 2012-ci ildə aparılan yoxlamaların təhlili göstərir ki, texniki əmək müfəttişləri tərəfindən yoxlanmış müəssələrdə işçilərin hər 17 nəfərdən birinin həyatı üçün mövcud olan risk faktoru aradan qaldırılıb. Həmkarlar ittifaqları öz hüquqlarından istifadə edərək istehsalat zədələnmələrinin qarşısının alınmasında yüksək tələbkarlıq nümayiş etdirirlər. Belə ki, son iki ildə təkcə Elektroenergetika, Neft - Qaz və Kommunal-Məişət Sənayesi İşçiləri HİRK-nin xidmətlərinə daxil olan müəssisə və təşkilatlarda ölümlə nəticələnmiş bədbəxt hadisələrə görə 100-dən çox vəzifəli şəxs intizam qaydasında cəzalandırılmış, iki nəfər isə tutduğu vəzifədən kənarlaşdırılıb".

S. Mehbalıyev onu da vurğulayıb kİ, Dövlət Statistika Komitəsindən son illər üçün əldə edilən məlumatlardan görünür ki, respublikada əməyin mühafizəsinə xərclənən vəsaitlər ildən-ilə artır: "2011-ci illə 2010-cu ili müqayisə etsək, əməyin mühafizəsinə xərclənən vəsaitin miqdarı 6 faiz, hər işçiyə xərclənən vəsait isə 6,25 faiz artıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasından keçən 20 il ərzində həmkarlar ittifaqlarının xidmət sahəsinə daxil olan müəssisələrdə mütləq mənada xəsarət alanların sayı 5,5 dəfə, bədbəxt hadisə nəticəsində həlak olanların sayı isə 4,5 dəfə azalıb. 2006 - 2011-ci illərdə istər həmkarlar ittifaqı təşkilatı olan müəssisələrdə, istərsə də respublika üzrə əmək xəsarətlərinin artımı müşahidə olunub. Biz bu cür istehsalat zədələnmələrinin artım dinamikasına biganə qala bilmərik".

"Bütün bunlar isə onu göstərir ki, biz hələ də bir sıra kompleks məsələlərin həllinə nail ola bilməmişik. Transmilli şirkətlərdə, kiçik və orta biznes müəssisələrində və büdcədənkənar müəssisələrdə işçilərin qeyri-məqbul əmək şəraiti xüsusilə həyəcan doğurur. Biz, həmkarlar ittifaqları olaraq əminik ki, sosail tərəfdaşlarla birlikdə hər bir işçi üçün təhlükəsiz və layiqli iş yeri yaratmaq kimi çətin bir vəzifənin öhdəsindən gəlmək olar. İşlərin təhlükəsiz yerinə yetirilməsinin təbliğinin təkmilləşdirilməsinə, həmkarlar ittifaqı fəallarının maarifləndirilməsinə, yeni forma və metodların tətbiqinə, əməyin və ətraf mühitin mühafizəsinə dair baxış-müsabiqələrin keçirilməsi işi davam etdiriləcək", -deyə sədr çıxışına əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə