“Üçbulaq” sərhəd zastavasında “Valideyn günü” keçirilib

“Üçbulaq” sərhəd zastavasında “Valideyn günü” keçirilib

Bu gün Şəmkir Sərhəd Dəstəsinin Ağstafa rayonu ərazisində yerləşən "Üçbulaq" sərhəd zastavasında "Valideyn günü" keçirilib. Əvvəlcə çay süfrəsi arxasında tədbirdə iştirak edən valideynlərə və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə hərbi hissə barədə ümumi məlumat verilib.

Sonra qonaqlar zastavada yaradılmış xidməti və məişət şəraiti ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində Şəmkir Sərhəd Dəstəsinin rəisi, polkovnik Elşən Verdiyev çıxış edərək tədbirin məqsədindən, eləcə də Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğıdan, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafdan, əldə olunmuş uğurlardan danışıb. Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli sərhəd siyasəti bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin zastava və məntəqələrində aparılan tikinti-quruculuq işləri, yeni sərhəd infrastrukturunun yaradılması prosesi uğurla davam edir.

Qeyd olunub ki, Dövlət Sərhəd Xidmətində əsgərlərin vətənpərvərlik hissinin daha da gücləndirilməsi, mənəvi-psixoloji vəziyyətinin, döyüş hazırlığının daim yüksək səviyyədə olması xüsusi diqqət mərkəzində saxlanılır.

Tədbirdə zastavanın rəis müavini, leytenant Aqil Babayev şəxsi heyətlə işin təşkili və hərbi intizamın vəziyyəti barədə məruzə edib.

Çıxış edən valideynlər tədbirin əhəmiyyətindən danışıb, zastavada yaradılmış yüksək şəraitdən razı qaldıqlarını bildirib, sərhədçi əsgərlərə tövsiyələrini veriblər.

Tədbirdə dövlət sərhədinin mühafizəsinin təşkilində hərbi kollektivin və valideynlərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Sonra xidmətdə fərqlənmiş hərbi qulluqçulara fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.

Tədbir hərbi hissənin özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə