Astarada birinci rübün nəticələri müzakirə olunub

Astarada birinci rübün nəticələri müzakirə olunub

Aprelin 24-də Astara Rayon İcra Hakimiyyətində keçirilən Şura iclasında 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev aprel ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunub, ölkəmizin sosial-iqtisadi mənzərəsinin əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırıb.

Məruzədə qeyd olunub ki, 2013-cü ilin I rübündə ümumi məhsul buraxılışı 24 milyon 779,6 min manata çatdırılıb, bunun da 51,5%-i məhsul istehsalı sahələrində, 48,5%-i isə xidmət sahəsində olub. Orta hesabla hər bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 244,5 manat təşkil edib.

Şəhərdə geniş abadlıq quruculuq işləri sürətlə aparılır. Rayon Mərkəzi xəstəxanasının köhnə korpusu və poliklinika şöbəsinin əsaslı təmiri başa çatmaq üzrədir. Rayonda ilk dəfə olaraq iş adamı tərəfindən şəhərin mərkəzində Heydər Əliyev prospektində 9 mərtəbəli və sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət vəsaiti hesabına inşa olunan 6 mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir.

Dövlət Proqramının icrası ilə əlaqədar Telman kəndində 220 şagird yerlik tam orta məktəb tikilib istifadəyə verilib. 480 yerlik Şuvi, hər biri 360 yerlik Vaqo, Siyaku, Hamoşam, hər biri 220 yerlik Suparibağ, Sağlazüzə, Asxanakəran, Motlayataq kənd tam orta və 180 yerlik Rudəkənar kənd ümumi orta məktəb binalarının tikintisi davam etdirilib. Asxanakəran ərazi nümayəndəliyinin Əzərud və Anboba kəndlərində 80 yerlik yeni ibtidai məktəb binasının tikintisi ilə əlaqədar hazırlıq işlərinə başlanıb.

Kijəbə qəsəbəsində Lovayın su anbarının əsaslı təmiri, Heydər Əliyev Parkının və Ərçivan qəsəbəsində boks idman kompleksinin tikintisi və yeni parkın salınması davam etdirilir. Ərçivan qəsəbəsində 1 km, Şiyəkəran kəndində 1,6 km kənd ara yollarına asfalt döşənib, Pensər kəndində 1,2 km, Şahağac kəndində 1 km kənd ara yollarının və 11 km Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə dairəvi yolun asfaltlaşdırılmasına başlanıb.

Rayonda yeni salınmış 120 ha çay plantasiyasında aqrotexniki qulluq işləri aparılıb, 80 ha sahədə yeni sitrus və subtropik bitkiləri əkilib. 781 ha sahədə tərəvəz, 156 ha sahədə dənli paxlalı, 835 ha sahədə kartof əkini aparılıb. 1 aprel 2013-cü il vəziyyətinə rayonda 1903 ha sahədə yazlıq əkini keçirilib. Çəltikçiliyin inkişaf etdirilməsi ilə əlaqədar 150 ha sahədə hazırlıq işlərinə başlanıb. Ötən illə müqayisədə 30 hektar çox çəltik əkilməsi nəzərdə tutulub.

Son dövrdə rayonda 5480 iş yeri açılıb ki, bunun da 5165 daimi iş yeridir. Birinci rüb ərzində rayonda 126 yeni iş yeri açılıb.

Rayonda qaz xətlərinin yenidən qurulması və əhalinin qaz təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 2013-cü ilin I rübündə 682 evə qaz xətti çəkilib.

Məruzə ətrafında rayon maliyyə idarəsinin müdiri Cavid Abbasov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn, rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahim Hüseynov, Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Babayev çıxış edibilər.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, doğrudan da ötən müddət ərzində rayonda xeyli iş görülüb. Yerlərdə əhali ilə görüşərkən hamı bütün bu misilsiz inkişaf sürətinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə