“Əsl vətəndaş, görkəmli şəxsiyyət, əvəzolunmaz Lider”

“Əsl vətəndaş, görkəmli şəxsiyyət, əvəzolunmaz Lider”

Aprelin 25-də Heydər Əliyev Mərkəzində rayon təhsil işçilərinin iştirakı ilə "Əsl vətəndaş, görkəmli şəxsiyyət, əvəzolunmaz Lider" adlı elmi-praktik konfrans keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, konfransı giriş sözü ilə Lənkəran şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova açaraq Ümummilli Liderin Azərbaycanın dövlətçilik tarixində oynadığı müstəsna rolundan danışıb, onun müstəqil Azərbaycanın memarı olduğunu bir daha diqqətə çatdırıb.

Sonra Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov qüdrətli Lider, əsl vətəndaş, görkəmli dövlət xadimi, mahir diplomat, fenomen insan Heydər Əliyevin çoxsahəli fəaliyyəti haqqında ətraflı məruzə edib.

Məruzə ətrafında çıxışlarda Havzava kənd tam orta məktəbinin müəllimi İldırım Şükürzadə, şəhər 7 saylı tam orta məktəbin müəllimi Maisə Axundova, şəhər 6 saylı tam orta məktəbin müəllimi Zamin Baxşıyev, şəhər 8 saylı orta məktəbin müəllimi Münasib Quliyev Ulu Öndərin milli təhsil sisteminin yenidən qurulmasında həyata keçirdiyi islahatlardan, təhsilimizin milli mənafelər və milli məqsədlər üzərində qurulması, təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi və s. üçün gördüyü işlərdən danışıblar.

Sonra orta məktəb şagirdlərinin ifasında Ümummilli Liderə həsr olunmuş şeirlər səslənib.

Daha sonra Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli Heydər Əliyevin 90 illiyi münasibətilə şəhər Təhsil Şöbəsi tərəfindən məktəblilər arasında keçirilən inşa müsabiqəsinin qaliblərinə diplomlar təqdim edib.

Konfrans ulu öndər Heydər Əliyev haqqında filmin nümayişi ilə başa çatıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə