YAP Şəmkir rayon təşkilatında Heydər Əliyevin anadan olmasının 90-ci il dönümü ilə əlaqədar tədbir keçirib
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-ci il dönümü ilə əlaqədar olaraq Şəmkir rayon İcra Hakimiyyəti YAP Şəmkir rayon təşkilatı və rayon Səhiyyə şöbəsinin birgə təşəbbüsü ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, Şəmkir rayon Mərkəzi xəstəxanasının baş həkimi Nürəddin Əhmədov və rayon Səhiyyə şöbəsinin işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, Şəmkir rayon Mərkəzi xəstəxanasının baş həkimi Nürəddin Əhmədov açaraq geniş məruzə ilə çıxış etib. N.Əhmədov çıxışında bildirib ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir.
Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə- Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Sonra çıxış edən Şəmkir rayon Uşaq xəstəxanasının baş həkimi Tofiq İsgəndərov bildirib ki, Ulu öndər Heydər Əliyevin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Böyük enerji və qətiyyət sahibi olan Heydər Əliyev formalaşdırdığı və həyata keçirdiyi strateji xətlə, apardığı ardıcıl islahatlarla yeni dövrdə ölkəmizin dinamik inkişafının əsasını qoydu.
Sonda çıxış edənlər Şəmkir rayon Çinarlı qəsəbə xəstəxanasının baş həkimi Altay Quliyev, Şəmkir rayon Gigiyena və Epidemologya Mərkəzinin baş həkimin müavini Ramiz Abdullayev, Şəmkir rayonun baş pediatoru Ayaz İbrahimov və başqaları qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olub. Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz dahi öndərimizin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB