Məlum olduğu kimi, SəsTV internet televiziyasında "Azadlıq Radiosu"nun Bakı bürosunun əməkdaşı Yafəz Əkrəmoğlunun Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm kənd sakini, 1954-cü il təvəllüdlü Əşrəf Mustafa oğlu Həsənovu aldadaraq, özünün dili ilə desək, "oyuna" gətirildiyi haqda kadrlar yayımlanıb. Öncədən qeyd edək ki, kadrlardakı görüntülərin orijinallığına şübhə ola bilməz. Bu verilişin təşəbbüskarı da əslində SəsTV deyil. Nehrəm kənd sakini Əşrəf Həsənov redaksiyamıza zəng edib başına gətirilən oyunları müxbirimizə danışdıqdan sonra çəkiliş qrupumuzun Naxçıvana ezam olunması gündəmə gəldi. Və nəticədə bu gün mediada əsas müzakirə mövzusu olan reportaj meydana gəldi.
Məsələ burasındadır ki, qarşı tərəfdən məsələyə münasibət öyrənmək cəhdimiz də boşa çıxdı. Hərdən bir bəhanə ilə telefon zəngimizə cavab vermək, suallarımızı cavablandırmaq istəmədilər. Əvəzində "media eksperti" - Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılını meydana buraxıblar. Hörmətli "ekspert" isə diqqəti əsas məsələdən yayındırmaq üçün Yafəz Əkrəmoğlunun da əməkdaşı olduğu "Azadlıq Radiosu"nun əməllərindən yox, "məlumatın yayılması haqda qanunlar"dan danışıb: "Yafəz Əkrəmoğlunun telefon danışıqlarının yayılması yazışmalar və telefon danışıqları sirrinin qorunması barədə qanunvericilik normasının pozulmasıdır".
Məsələyə SəsTV-nin icraçı direktoru Vəli Vəliyevin münasibətini öyrəndik. İcraçı direktor bildirdi ki, SəsTV-də yayımlanan reportajın çəkilişindən tutmuş, onun yayılmasına qədər hər bir iş tam qanun çərçivəsində görülüb: "Biz aldadılmış, başına müsibətlər gətirilmiş, ən əsası isə "Azadlıq Radiosu"nun tələsinə düşmüş bir vətəndaşımızın dərdinə əlac qılmışıq. Burada mətbuat haqqında qanunun müvafiq bəndlərinə tam olaraq əməl edilib. Məsələ burasındadır ki, baş verənlərin əsas günahkarı "Azadlıq Radiosu" olduğu halda hansısa "ekspert" SəsTV-ni suçlu saymağa cəhd edir. Vətəndaşın düşdüyü vəziyyətdən sui-istifadə edən radionun əməkdaşı onu aldadıb, hakimiyyət orqanlarına qarşı iftira, şər, böhtan atmağa məcbur edilib".
V.Vəliyev onu da qeyd edib ki, Nehrəm kəndinin sakini Əşrəf Həsənovu Bakıya gətirən, mətbuat konfransında müəyyən təkliflər müqabilində hakimiyyət əlehinə yalanlar deməyə məcbur edən "Azadlıq Radiosu"dur. Radiodan şikayət edən də Əşrəf kişidir. İndi kiminsə SəsTV-ni bu hadisənin baş verməsində günahkar bilməsi anlaqsızlıqdır. Qaldı telefon danışığının faş olmasına, həmin danışığın audio yazısını SəsTV-yə Əşrəf Həsənovun özü təqdim edib. Burada "xüsusi xidmət orqanları"nın adının hallandırılması böhtandır. Rəşid Hacılının şərh verməsi üçün savadı yetərli deyil. Telefon danışığı nədir ki, onun əldə olunması üçün hansısa nazirliyi işə salaq? Hörmətli "ekspert" hadisələri çox şişirdir. Bunun əvəzində "Azadlıq Radiosu"nun əməllərini təftiş etsə yaxşı olar, bəlkə onu gələcəkdə kimsə xatırlaya bilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB