Əmək və əhalinin sosial müdafiəsi naziri İndoneziya, Bruney və Mavritaniya nazirləri ilə görüşüb
Nazirlər görüşdü

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin Bakıda keçiriləcək ikinci konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan, İndoneziya Respublikası işçi qüvvəsi və köçürülmə naziri Mühamin İskəndər ilə görüşüb. SİA-nın xəbərinə görə, İndoneziyalı qonaq görüş çərçivəsində bildirib ki, 250 milyon əhalisi olan İndoneziya ən böyük islam ölkələrindən biridir. Onun sözlərinə görə, ölkəsinin inkişafı üçün hər zaman Azərbaycan və digər islam ölkələrinin köməyinə ehtiyacı var.

Nazir görüşdə Azərbaycanda əmək və əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən danışıb. O, Azərbaycanın da İndoneziya və digər ölkələrlə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Daha sonra nazir Füzuli Ələkbərov Bruney Sülh Dövlətinin daxili işlər naziri Pehin Dato Ustaz Hacı və Mavritaniya İslam Respublikası İctimai xidmət, əmək və idarəetmənin müasirlərləşdirilməsi naziri Amati Bint Həmədi ilə görüşüb. Hər 3 ölkənin naziri görüşdə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanda yeni qurumunun yaradılmasına dəstək verdiklərini deyiblər. Onlar İslam Əməkdaşlıq Təşkilatı tərəfindən üzv ölkələrin bir çox sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də əməkdaşlığın gücləndirilməsinə verdiyi dəstək yüksək qiymətləndirilib. Görüşlərdə eyni zamanda qeyd olunan ölkələrlə Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.

Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransı bu ölkələrdə inkişaf və tərəqqinin təmin olunması, o cümlədən sosial rifah naminə fəal siyasətlərin hazırlanıb həyata keçirilməsi sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsində mühüm önəm kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə